Bayden daha iddialı siyasət yeridəcək

ABŞ yenidən super güc kimi meydanlara qayıtmağı düşünür

Yeni prezdent Rusiya, Türkiyə və Çinin mövqeyi ilə bağlı Vaşinqtonun əvvəlki mövqeyini bərpa edəcək


ABŞ-da yeni seçilmiş Prezident Cozef Baydenin inaqurasiya mərasimi keçirilib. Ölkənin 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb. Baydenlə yanaşı, vitse-prezident Kamala Harris də and içib. Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, sabiq vitse-prezident Mayk Pens ötürüb. İnaqurasiyada keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama da iştirak ediblər. Səlahiyyətləri başa çatmış prezident Donald Tramp isə andiçməyə qatılmayıb.

O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib. Bayden rəsmən prezident olduqdan sonra ilk addım kimi Trampın imzaladığı bəzi qərarları ləğv edib. O, ilk olaraq ölkənin Paris iqlim razılaşmasına qayıtması barədə sərəncam imzalayıb. Kanada ilə sərhəddə “Keystone XL” neft kəmərinin tikintisinin dayandırılmasına dair əmrə imza atıb. Maraqlı məqam odur ki, bu kəmərin tikintisinə 2015-ci ildə Barak Obama qarşı çıxsa da, Tramp prezident olduqdan sonra buna izn vermişdi. Baydenin imzaladığı növbəti əmr isə 6 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağanın ləğvi ilə bağlı olub. Tramp dövründə qadağaların şamil edildiyi ölkələr sırasında Suriya, İran, Liviya, Somali, Sudan və Yəmən yer almışdı. Bayden, həmçinin Meksika ilə sərhəddə divarın tikintisinin dayandırılması haqqında da sərəncam imzalayıb. Yeni prezident rəsmi Tehranın ciddi şəkildə öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə ABŞ-ın nüvə razılaşmasına qayıdacağını da istisna etməyib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Bayden məsələ ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr həyata keçirəcək. 



Yeni prezident Baydenin açıqlamaları və qərarları ilə bağlı “Şərq”ə danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Amerika dövləti XIX əsrin əvvəlinə kimi dünya siyasəti ilə bağlı qeyri-müəyyənlik yaşayırdı. Analitikin sözlərinə görə, həmin dövrdə qəbul edilmiş doktrinaya əsasən, siyasət qitədən kənara çıxmamalı və başqa dövlətlərin qitəyə qarışmasına imkan verilməməli idi:

“ABŞ-ı Amerika qitəsi ilə məhdudlaşdıran bir anlayışdan söhbət gedirdi. XX əsrin əvvəlində, prezident Vudro Vilsonun dövründə bu anlayışı bir qədər tərk etməyə cəhd göstərdilərsə də, nəticə dəyişmədi.

İkinci Dünya müharibəsindən sonra isə hegemonluq iddiasında olan ABŞ meydana çıxdı. Dünyanın hər yerində, hər mövzuya qarışan bir dövlətin şahidi olduq. Vaşinqtonun “dünyanın hər nöqtəsində sözümüz eşidilməlidir” iddiası sadəcə Obama, yaxud Corc Buşla bağlı deyil.

Bu, illər boyu həyata keçirilən ümumi siyasətin təməlidir. Ancaq Donald Trampın hakimiyyəti illərində nisbətən fərqli mənzərəni gördük. Tramp ölkədaxili işlərə daha çox meyl edirdi. Amma tam qapalı siyasət də aparmırdı. Yeri gələndə İran, Çinə və s. ölkələrə qarşı aqressiv mövqe sərgiləyirdi. Hətta Amerikanın müttəfiqlərini belə küsdürmüşdü.

Bayden seçkidən öncə belə bir ifadə işlətmişdi ki, “müttəfiqlərimiz hazırlaşsın, biz geri qayıdırıq”. Seçkidən qabaq Tramp dost və müttəfiq ölkələrlə əlaqələri korlamaqda ittiham olunurdu. Bayden dost və düşmənə mesajını bu cür çatdırmışdı”. 

Analitikin fikrincə, yeni prezidentin qərarları görüntü xatirinə deyil. Onun açıqlamaları da səthi xarakter daşımır:

“ABŞ yenidən super güc kimi meydanlara qayıtmağı düşünür. Bu da Amerikanın həm iqtisadi, həm təhlükəsizlik maraqları, həm də iddiaları ilə bağlıdır. Amerikanın enerji sənayesi, hərbi iqtisadiyyatı ölkənin imperial iddiaları ilə bütövləşib.

O baxımdan Bayden daha iddialı siyasət yeridəcək. Trampın bəzi məsələlərdə geri çəkilməsi beynəlxalq münasibətlərdə qlobal dəyişikliklərə səbəb olub. Bayden Rusiya, Türkiyə və Çinin mövqeyi ilə bağlı Vaşinqtonun əvvəlki mövqeyini bərpa edəcək.

Həm də ölkəni yeni risklərə və münasibətlərə hazırlayacaq. O cümlədən beynəlxalq sistemdə fəal olmağa səy göstərəcək. Amma bu, heç də asan olmayacaq”.