Azərbaycanda onlayn təhsilə qoşulan tələbələrin sayı AÇIQLANDI

“Ötən ilin yanvar-fevral ayından başlayan koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə əsaslı dəyişiklər baş verib”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bu dəyişiklər zərurətdən irəli gəlib:

“Hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var. Təhsil verənlərin 128 mini artıq qeydiyyatdan keçib. Aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfərdir. Həftəlik dərslərin sayı 6 milyon 200 min olub”.

“37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub”, - deyə nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, elektron dərsliklərdən istifadə sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb:

“4 milyon artıq elektron dərsliklərə müraciət edilib və oxunan səhifələrin sayı 30 milyondan çox olub. Belə hallarda ən böyük problem və mənfi təsirlər daha aşağı imkanları olan təbəqələrə dəyir. Bu, dünyanın hər yerində belədir. Ucqar kəndlərdə yaşayan tələbələr və şagirdlərimiz daha az dəstək almış olurlar. Müsbət və mənfi tərəflər, təhsilin keyfiyyətinin hansı istiqamətdə getdiyini demək tezdir. Bilik və bacarıqlarla bağlı fevral ayında, dərslər bərpa edildikdən sonra qiymətləndirmələr keçirlən zaman daha yaxşı məlumatlar əldə edəcəyik. Yaranmış boşluqları necə doldura biləcəyimizlə bağlı hazırlayacağımız fəaliyyət planı ilə ictimaiyyət qarşısına çıxacağıq”.