Gürcüstan beynəlxalq uçuşları bərpa edir


Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.

“Sputnik”in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bəyan edib.

Onun sözlərinə görə, uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokollar nəzərə alınaraq icazə veriləcək.

Nazir həmçinin bildirib ki, hazırda müxtəlif ölkələrdən Gürcüstana səfərlərin necə sadələşdirilməsi məsələsi barədə müzakirələr aparılır.

“Artıq yaya qədər bütün turistləri qəbul edə biləcəyik”, - deyə Turnava sözlərini yekunlaşdırıb.

Yeri gəlmişkən qeyd edək ki, Tbilisidə ictimai nəqliyyat və təhsil müəssisələri cari ilin martın 1-dən işlərini bərpa edə biləcəklər. Şəhərlərdəki bütün açıq və qapalı bazarlar fevralın 15-dən açılacaq.

Bundan başqa Kutaisi və Rustavi şəhərlərində də məhdudiyyətlər götürüləcək.

Batumi, Zugdidi, Gori, Poti və Telaviyə gəlincə, burada ictimai nəqliyyat, məktəblər, mağazalar və ticarət mərkəzlərinin işi fevralın 1-dən bərpa olunacaq.

Gürcüstanda gecə hərəkətinə qoyulan qadağa isə martın 1-dək uzadılıb.

Bundan başqa, nəqliyyatdan istifadəyə icazə verilən şəhərlərdə (Batumi, Zugdidi, Gori, Poti və Telavi - red.) hərəkətliliyi məhdudlaşdırmaq üçün nəqliyyat həftə sonları işləməyəcək, mağazalar və iaşə obyektləri isə onlayn rejimdə fəaliyyət göstərəcək.