İtaliyadakı aksiya sədri: “Faciələrimizdən danışanda iki əcnəbi qadın ağladı”

"Başqa biri “Erməni dostum həmişə onlara edilən soyqırımdan danışır, gör özləri sizə nələr edibmiş” dedi"

“Biz diaspor olaraq ağıllı olmalı, təxribata getməməliyik. Ermənilərin hiyləgərliklərinə qarşı ayıq davranmalıyıq”

Vətən müharibəsi ərəfəsində ABŞ, Hollandiyada məsələ o yerə çatmışdı ki, Azərbaycan və erməni icmaları arasında dinc münaqişə böyüyəcəkdi”

“Ermənilərin təxribat xarakterli hərəkətlərinə aqressiya ilə cavab verməməliyik”

İkinci Qarabağ müharibəsində eyni ilə “Yaşa, mənim xalqım” mahnısında deyildiyi kimi, bir olduq, birlik olduq...Dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız əl-ələ verdilər. Və bir də baxdıq ki, milyonlarla azərbaycanlının əli “Dəmir yumruğa” çevrilib düşmənin başını əzdi, belini qırdı. İstisnasız olaraq planetin bütün nöqtələrində yaşayan həmvətənlərimiz eyni ilə vətəndəkilər tək həyəcanlanırdılar. Xüsusilə də diaspor fəaliyyətilə məşğul olanlar. İtaliyada yaşayan həmvətinimiz, oradakı “Həmrəy olaq” askiyasının sədri Türkan Həsənova da məhz belə fəallardandır. O, müharibə dövründə haqq səsimizin dünyaya çatdırılması naminə çox ciddi çalışıb.

Ona görə “Sherg.az” olaraq Türkan xanımla söhbətləşməyi qərara aldıq:

- Azərbaycanın qələbəsini necə qiymətləndirirsiniz?

- Bu, sözün əsl mənasında tarixi zəfərdir. Çünki döyüşən yalnız Azərbaycan hərbçiləri, uduzan ancaq düşmən ordusu deyildi.  Biz həm döyüş meydanında, həm də adətən onlardan geri qaldığımız  informasiya müharibəsində qalib gəldik. Bütün cəbhələrdə qələbə qazandığımıza görə, bu zəfər bizim üçün ikiqat əhəmiyyətlidir. Bu uğurda, həm Prezident, Ali Baş Komandan İlham Əliyevin, həm Silahlı Qüvvələrimizin, həm də xalqın payı var. Odur ki, qazandığımız qələbəni yüksək qiymətləndiririk. Yaxın gələcəkdə isə, xüsusilə Qarabağımızın yenidən qurulması, inkişafı və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərində daim ölkəmizə və dövlətimizə dəstək olmalı, həmin proseslərdə yaxından iştirak etməliyik.

 - Bu dövrdə İtaliyada Azərbaycan həqiqətlərinə münasibət necə idi?

- Bildiyiniz kimi, bir il əvvəl Prezident  İlham Əliyevin İtaliyaya səfəri baş tutmuşdu. Görüşün nəticəsində iki ölkə arasındakı dostluq, iqtisadi və siyasi əlaqələr daha da möhkəmlənib. İtaliya dövləti Azərbaycanı regionda əsas tərəfdaşı olaraq görür və, əlbəttə, ərazi bütövlüyünü dəstəkləyir. Elə bu səbəbdən İtaliyadakı erməni icması yüksək qurumlara təsir göstərə bilmədiyi üçün şəhər bələdiyyələrinə üz tuturlar. Bəzi şəhər bələdiyyələri onları dəstəkləsələr də, bu məsələni daha yuxarı qurumlara qaldıra bilmirlər. Təəssüf ki, əhalinin əksəriyyəti məsələlərdən  xəbərdar deyil. İnsanlar məlumatsızdırlar. Biz əlimizdən gələn qədər hər vasitə ilə həqiqətləri çatdırmağa çalışırıq. Buna misal olaraq deyə bilərəm ki, müharibə dövründə könüllü qurduğumuz komandamızla Azərbaycan həqiqətlərini İtaliya əhalisinə çatdırmaq üçün sosial şəbəkələrdə yerli dildə mütəmadi yazılar yazırdıq. Qarabağ mövzusu ilə bağlı keçirilən tədbirlərdə iştirak edirik. Qarşımıza çıxan hər kəsi bu mövzu ilə bağlı məlumatlandırırıq. Venesiya şəhərində müharibə dövründə “Qarabağ həqiqətləri” adlı informasiya sərgisi keçirdik. Üç saat çəkən aksiyanın “Sual ver” hissəsində yüzdən çox insanı məlumatlandırdıq. Hazırladığımız materialın linkinin QR kodu ilə insanlar daha geniş bilgi əldə edə bilirdilər. Xocalı, Gəncə və Bərdədə olan hadisələrdən danışanda iki italyan qadın ağladı. Başqa biri “Erməni dostum həmişə onlara edilən soyqırımdan danışır, gör özləri sizə nələr edibmiş” dedi. Biz yaxın zamanda Diaspor Komitəsinin dəstəyi ilə İtaliyanın müxtəlif şəhərlərində bu layihəmizi davam etdirəcəyik.

- Belə məsələlərdə diasporun fəaliyyəti nədən ibarət olmalıdır?

- Bu dövrdə diasporun fəaliyyəti çox önəmlidir. Əsas iki istiqamət var: Erməni icmasının addımlarını izləmək və onu düzgün analiz edib, lazımi cavab vermək. İkinci məsələ isə xaricdə yaşayan öz icmamıza güclü nəzarət etməkdir. Çünki kimsə hirsindən, əsəbindən doğru addımlar atmayaraq Azərbaycanın imicinə zərər verə bilər. Yəni belə fəaliyyət növü emosionallığı sevmir. Əksinə, soyuqqanlı olmalıyıq. Bizim diaspor Azərbaycanda həmin həssas qrupdan olan insanlara, o cümlədən gənclərə güclü nəzarət etməlidir. Çalışmalıdır ki, atılan addımlar planlı və koordinasiyalı olsun. İstər yazılanlar, istər təşkil olunan etiraz və ya dəstək nümayişlərinin keçirilməsi planlanmış və vahid strategiya ilə tənzimlənməlidir. Yəni parçalanmış şəkildə olarsa,  effektli nəticə verməyəcək. Həmçinin kimlərinsə satılması ehtimalı da mütləq daim nəzərə alınmalıdır.

- Azərbaycan diasporunun 44 günlük müharibəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Tarixə qızıl hərflərə yazılmış bu 44 gündə biz eyni zamanda xaricdə ən böyük həmrəyliyimizi yaşadıq. Bu bizə bir daha diaspor fəaliyyətinin nə qədər mühüm olduğunu göstərməklə yanaşı, həm də son illərdə diasporumuzun necə inkişaf etdiyini göstərdi.  Başda Diaspor Komitəsi olmaqla, bütün fəallar əllərindəki imkanlardan yararlanaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.  Biz də həmin dövrdə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi ilə mütəmadi əlaqədə idik. Komitə bizə fəaliyyətimiz üzrə  lazımi istiqaməti verir, görülən işlərdə yaranan maddi çətinliklərdə də dəstək olurdu. Fürsətdən istifadə edib başda Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova və komitənin əməkdaşlarına da göstərdikləri dəstək üçün təşəkkür edirəm. Onlar Müharibədən sonrakı mərhələdə də, yəni noyabr ayında şəhid  və qazi ailələri üçün başlatdığımız “Həmrəy Olaq” adlı xeyriyyə aksiyasında da bizə dəstək oldular. Diaspor təşkilatları və fəalları ilə birləşərək gözəl bir işə imza atdıq. Nəticədə xaricdə yaşayan azərbaycanlılar olaraq 40-dan çox şəhid və qazi ailələrinə müxtəlif istiqamətlər üzrə yardımlar etdik. Beləliklə, həmin insanları düşündüyümüzü, onların bizim diqqətimizdə olduğunu göstərdik.

- Bildiyimiz kimi, erməni diasporu və lobbisi hər vəchlə dünya ictimaiyyətinə təsir etməyə, çaşqınlıq yaratmağa çalışırdı. Və etiraf edək ki, bunu bəzən də bacarırdı. Belə təxribatların qarşını almaq üçün Azərbaycan diasporu hansı adekvat tədbirlər görməli, necə davranmalıdır?

- Bilirsiz, gərək düşmən də mərd olsun. Bizim düşmənimiz namərd, hiyləgər və yalançıdır. Bunu böyüklərimizdən eşidirdik, amma indi deyilənlərin nə qədər doğru olduğuna  əmin olduq. Mən özüm dəfələrlə oxşar təxribatlara şahidlik etdim. Biz diaspor olaraq ağıllı olmalı, təxribata getməməliyik. Ermənilərin hiyləgərliklərinə qarşı ayıq davranmalıyıq. Dediyim kimi, diaspor nümayəndələri erməni icmasının fəaliyyətini yaxından izləməli və doğru addımlar atmalıdırlar. İnsanlarımız səbirli və təmkinli davranmalıdırlar. Bəzi ölkələrdə, məsələn ABŞ, Hollandiyada məsələ o yerə çatmışdı ki, Azərbaycan və erməni icmaları arasında dinc münaqişə böyüyəcəkdi, hətta bir-birilərinə qarşı zor tətbiq edə bilərdilər. Əslində bir-iki belə hadisə  baş verdi. Biz bu cür hallardan çəkinməliyik. Ermənilərin təxribat xarakterli hərəkətlərinə aqressiya ilə cavab verməməliyik. Əks halda düşmən bunu öz xeyirləri üçün istifadə edərək ölkəmizin beynəlxalq imicinə zərər verə bilər. Azərbaycan diasporu xaricdə yaşayan icmalarına nəzarət etməli, bu məsələlərlə bağlı onları maarifləndirməli, düzgün istiqamət verməlidir ki, yanlış addımlar atılmasın.