Vaksin olunan deputat: “Heç bir narahatlıq olmur” - Foto

Azərbaycanda COVİD-19-a qarşı vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Sumqayıtda fəaliyyət göstərən səhiyyə müəssisələrində yaradılan vaksin otaqlarında infeksiyaya qarşı kütləvi peyvənd aksiyası həyata keçirilir. İlkin olaraq prosesə tibbi işçiləri cəlb edilib. Milli Məclisin səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bu gün Sumqayıtda 5 saylı uşaq poliklinikasında vaksin olunub. Vaksinasiya prosesi canlı yayımlanıb.


Millət vəkili vaksinasiyadan sonra “Sherg.az”a açıqlamasında özünü yaxşı hiss etdiyini, bu prosesə hər kəsin qoşulmasının vacibliyini vurğulayıb:

“Koronavirusla mübarizədə peyvəndləmə ən vacib mərhələdir. İcra edilən zaman heç bir narahatlıq olmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.