Qarabağa pullar gələcək

“Ziraat Banka”sı Şuşada filial açmaq üçün münasib yer axtarır

"Bu, nəticə etibarilə həm də Türkiyə bank vasitəsilə yeni texnologiyanın Azərbaycana transferinə imkan verəcək"

Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi – “Ziraat Bank Azerbaijan” ASC Qarabağda filial açmağa hazırlaşır. Bunu Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib. “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq. Qarabağda filial açmaqla həm dövlət qurumlarının xətti ilə, həm də öz imkanlarımızla bu bölgədən olan sahibkarlara güzəştli kreditlər verməyi düşünürük”, – deyə o qeyd edib. Bankir həmçinin rəhbərliyində təmsil olunduğu “Caspian Energy Club”un Türkiyədə nümayəndəliyinin açıldığını da bildirib: “Bu nümayəndəlik vasitəsi ilə biz Qarabağa Türkiyə və digər Qara dəniz hövzəsi ölkələrindən investisiya cəlb edəcəyik”.

Bütövlükdə xarici bankların Azərbaycan bank sektoruna gəlməsinin vacib olduğunu qeyd edən millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, bu, ilk növbədə rəqabətin gücləndirilməsinə xidmət edir. Deputat bəyan edib ki, bu, uzun müddət müzakirə edilən kredit faizlərinin aşağı salınması, bankların yerli məhsullara təklif etməsi baxımından vacib hesab olunur:

"Çünki nəticədə imkan verir ki, banklar artıq rəqabət nəticəsində, eyni zamanda xaricilərin transfer etdiyi texnologiya səbəbindən yeni məhsullar və daha çox innovativ məhsullar təklif etsinlər. Bu da bank sektorunun inkişafı baxımından çox vacibdir. Bu baxımdan Türkiyənin aparıcı banklarından birinin Azərbaycanda filial açması ölkəmizin bank sektorunun inkişafı baxımından vacib hesab olunur. Bu, nəticə etibarilə həm də Türkiyə bank vasitəsilə yeni texnologiyanın Azərbaycana transferinə imkan verəcək.

Nə qədər çox banklar açılırsa, bu, yaxın gələcəkdə kredit faizlərinin aşağı düşməsinə də gətirib çıxara bilər. Vətəndaşlarımız daha aşağı faizli kreditlərə cəlb edə bilərlər. Eyni zamanda əmanətlərin yerləşdirilməsi zamanı, artıq daha inanılmış banklarda əmanətlərinin yerləşdirilməsi həyata keçirilə bilər". 

Parlamentari düşünür ki, Türkiyə bankının Azərbaycanda filial açması Azərbaycanın bank sektorunun inkişafı baxımından vacibdir:

"Bu, nəticə etibarilə növbəti dövrlərdə banklarımızın inkişafına müsbət təsir göstərəcək".