Şuşa fatehinin xanımı: “Əlbəyaxa döyüşlərə girib və düşmənləri...” 


“...Məhv edir. Lakin orda onurğasından güllə yarası alıb. Horadizə aparıb və əməliyyat ediblər. Sonra isə Bakıya gətiriblər”

Bura gələndə vəziyyəti çox ağır idi. Tibb işçilərinin dediyinə görə, həyatda qalmaq şansı beş faiz imiş. Amma həkim onu ölümdən qurtardı”

“Cavabı konkret olurdu: “Mənim övladlarım heç bir şəhidin övladlarından artıq deyil”

Məşhur bir deyim var: “General olmaq istəməyən əsgər döyüşçü deyil”. Əlbəttə, başqa vaxtlarda artıq aforizmə çevrilmiş bu ifadənin həqiqiliyinə inanmaq olar. Amma İkinci Qarabağ müharibəsində vəziyyət başqa cür idi. Heç kimi rütbə, vəzifə maraqlandırmırdı. Hər kəsin- əsgərindən generalınadək bütün hərbçiləri bircə amal düşündürürdü - Vətənin taleyi.

Həm də bu hərbi əməliyyatlarda iştirak edənlər indi elə ən yüksək rütbəli hərbçitək hörmət, ehtiram qazanıblar. Xüsusi Təyinatlı Qüvvələrin kiçik gizir Şəmsi Məmmədov da onlardandır. Yeddi ildir həyatını hərbiyə bağlayan igid döyüşçü 1994-cü il yanvarın 1-də Tovuzda anadan olub. Təhsilini tamamladıqdan sonra Xüsusi Təyinatlı Qoşunlarda fəaliyyətə başlayıb. İndi isə öz şücaəti ilə yeniyetmə və gənclər üçün nümunəyə çevrilib.

Möcüzə nəticəsində həyatda qalan Şəmsi Məmmədovun yoldaşı Lamiyə xanım cəsur hərbçi barədə “Sherg.az”a bunları deyib:

 “Bizim üç qızımız var. Şəmsi indiyədək çox hərbi əməliyyatlarda, o cümlədən Aprel döyüşlərində iştirak edib. Həmişə təlim adı ilə gedib. Belə gedişlərin hər birində yoldaşıma arxasında dörd qadını, üç uşağı qoyduğunu deyirdim. Cavabı konkret olurdu: “Mənim övladlarım heç bir şəhidin övladlarından artıq deyil”. Əslində qəfil “təlim”lərə öyrəşmişdim.

Amma bu dəfə çağırılanda içimdə qəribə bir şübhə var idi. Həm qürur duyur, həm nigaranlıq keçirirdim. Şəhid məlumatı gəldikcə pis olurdum. Və özümü eyni xəbəri almağa hazırlayırdım.

Şəmsi sentyabrın 29-da qəlpə yarası alıb. Amma Şəmkir Mərkəzi xəstəxanasında cəmi bircə gün qaldıqdan, qəlpə çıxarıldan sonra yenidən savaşa qayıdıb. 5-10 gündən bir zəng edirdi. Deyirdim ki, yaralı gəl, hətta şəhid ol. Lakin bizə görə geridə qalma. Gülürdü. “Mən xüsusi təyinatlı döyüşçüyəm e, qorxmaq nədir, irəli gedirik” – cavabı verirdi. Doğrudan da, o, ölümün gözünün içinə dik baxırdı”.

 L.Məmmədova, həmçinin deyib ki, yoldaşının sağ qalmaq ehtimalı çox az imiş:

“Oktyabrın 23-də Şuşada əlbəyaxa döyüşlərə girib və düşmənləri məhv edib. Lakin Şəmsi orda onurğasından güllə yarası alıb. Horadizə aparıb və əməliyyat ediblər. Sonra isə Bakıya gətiriblər. Bura gələndə vəziyyəti çox ağır idi. Tibb işçilərinin dediyinə görə, həyatda qalmaq şansı beş faiz imiş. Amma Tədris Cərrahiyyə Klinikasının professoru Elçin Ağayev yoldaşımı müalicə etdi, onu ölümdən qurtardı.

Allah ailə başçımızı bizə bağışladı. Göydə Allaha, yerdə həmin həkimə minnətdaram. Amma hələ də ciddi sinir ağrıları var. Yeriyə bilmir. Xaricdə müalicə olunmalıdır. Ölkədə müalicəsi, demək olar, mümkün deyil. Hazırda Buzovnadakı reabilitasiya mərkəzindəyik. Hər birimiz onunla fəxr edirik. Məndən soruşur ki, görəsən, gəzə bilməsəm, qızlarım utanmaz?

Amma əminəm: Şəmsi hər birimizin onunla ömür boyu fəxr edəcəyimiz qəhrəmanlıq göstərib. Mən yoldaşımla həmişə fəxr edəcəm, əmin ola bilərsiniz!”.