Əcnəbi politoloq: “Qafqazda və Xəzərdə yeni layihələrdə artıq risk faktoru yoxdur”


“Dostluq” neft yatağı ilə bağlı mübahisəli məqamlar artıq keçmişdədir, əməkdaşlıq üçün şərait yaranıb.

Media.Az-ın məlumatına görə bu barədə Qazaxıstanlı politoloq Zamir Karacanov Azərbaycanla Türkmənistanın Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yatağın adının “Dostluq” olması çox şeyi izah edir.

Müsahib vurğulayıb ki, həm texniki, həm də maliyyə baxımından Transxəzər boru kəmərinin yaradılmasına heç bir maneə yoxdur.

“Ancaq ekologiya problemi və digər Xəzəryanı ölkələrin, ilk növbədə İran və Rusiyanın maraqları qalmaqdadır. Hər iki ölkə Xəzərin dibi ilə boruların çəkilməsinə qısqanclıqla yanaşır”, - deyə politoloq əlavə edib.

Karacanovun sözlərinə görə, Rusiyanın maraqları başa düşüləndir.

“Bu ölkə Türkmənistandan qazı kifayət qədər komfort qiymətə alırdı, buna görə də Moskvanın iqtisadi maraqları müəyyən dərəcədə zərər görür”.

Politoloq Xəzərin hüquqi statusu haqqında bəyannamə imzalanarkən bu məsələnin (Transxəzər boru kəməri - red.) qaldırıldığını və su hövzəsinin ekologiyası məsələsi ilə bağlı bütün Xəzəryanı ölkələrin rəyinin nəzərə alınmasının zəruriliyindən danışıldığını da əlavə edib.

O, daha bir vacib məqamı da qeyd etdi. Müsahibin sözlərinə görə, Xəzər Konvensiyası yalnız onu imzalayan bütün ölkələr tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

“İran isə bu sənədi hələ də ratifikasiya etməyib”, - deyə Z.Karacanov vurğulayıb.