3+3 formatı nə vəd edir? – "Cənubi Qafqazın təhlükəsizliyinə..."

“Bu platforma Azərbaycan, Türkiyə, Rusiya və İran, Gürcüstan, Ermənistan əməkdaşlığı nəzərdə tutulur”

“Məlum format bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər”

“Həmçinin bölgədə 3+3 əməkdaşlığı perspektivdə həm Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə, həm bölgə yan təsirlərdən xilas ola, həm də bölgənin güclü olmasına təkan verə bilər”


Bu gün Prezident İlham Əliyev İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri  müzakirə olunub.

Azərbaycan Prezidenti ilk növbədə, ikitərəfli əlaqələri, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyini bildirib:

“Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq”.  Ölkə başçısı qeyd edib ki, bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir:

“Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik”.

 Məhəmməd Cavad Zərif də vurğulayıb ki, Azərbaycan prezidentinin “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcək:

“Yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur. Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır”.

Məlum görüş barədə fikirlərini “Sherg.az”la bölüşən politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan Qarabağ münaqişəsindən sonra bölgənin təhlükəsizliyi üçün regional iqtisadi əməkdaşlığın inkişafını və genişlənməsini istəyir:

“Bu, 3+3 əməkdaşlıq formatı ideyası əsasən Azərbaycan, Türkiyə və Rusiya əməkdaşlığını nəzərdə tutur. Amma İran, Gürcüstan və Ermənistanın bu əməkdaşlıqda iştirakı bölgənin perspektiv təhlükəsizliyini gücləndirə bilər. Bu həm də iqtisadi əməkdaşlığın işğaldan, bir-birinə qarşı ərazi iddiasından perspektivli olduğunu ortaya qoya bilər. Çünki Azərbaycan, Türkiyə, Gürcüstan arasında regional əməkdaşlıq öz bəhrəsini verib. Ehtimal olunur ki, bölgədə 3+3 əməkdaşlığı perspektivdə həm Cənubi Qafqazın təhlükəsizliyinə töhfə verə, həm bölgə yan təsirlərdən xilas ola, həm də bölgənin güclü olmasına təkan verə bilər”.

Analitik qeyd edib ki, İran ərazilərimiz azad olunması üçün nə siyasi, nə humanitar dəstək verib:

“Bu baxımdan İranın bir müsəlman dövləti kimi Qarabağda olmasına mənəvi və beynəlxalq haqqı çatmır. İran yalnız Azərbaycanla əvvəlki müqavilələri davam etdirə bilər. Cənab Prezident də çıxışlarında bu məsələni qeyd etdi”.