Rusiya Qara dənizdə zəifləyir - ŞƏRH

Gürcüstanla Türkiyənin hərbi əlaqələri mühüm hadisədir

Türkiyə Cümhuriyyəti Hökuməti Gürcüstan Müdafiə Qüvvələrinə lazer məsafəsi və bir sıra mühəndis avadanlığı təqdim edib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, mühəndis avadanlığı və texniki vasitələrin təhvil verilməsinin rəsmi tədbiri Gürcüstan Müdafiə Nazirliyinin "Armihol" binasında baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul aktını Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi, polkovnik İoseb Nikoleişvili və Türkiyə tərəfinin hərbi attaşesi polkovnik Burak Altıner imzalayıb. 

Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanla Türkiyənin hərbi əlaqələrinin güclənməsi dolayısıyla Rusiyanın hegemonluğunu Qara dənizdə azaldır.  Politoloq vurğulayıb ki, Türkiyə donanması dünyada ən güclü donanmalardandır:

"Düşünürəm ki, müasir nöqteyi-nəzərdən Türkiyə bu regionlarda daha güclü tərəfdən özünü göstərir. Ona görə də Qara dənizdə fövqəl ölkələri ilə əlaqələrin möhkəmlənməsi Türkiyənin geosiyasi maraqlarına xidmət edir. Ayrıca Qafqazda Türkiyənin mövcudluğu möhkəmləndikcə əlbəttə ki, Ankaranın Qafqazda gedən bütün proseslərdə iştirakına birbaşa zəmin yaradır. Çünki artıq Rusiya da o reallığı qəbul etmək məcburiyyətində qalıb. Xüsusilə Qarabağ Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyi, o cümlədən masa müzakirələrində dəstəyi ilə Rusiya bir çox şeyləri qəbul etmək məcburiyyətində qaldı".  

N.Miri qeyd edib ki, Rusiya bütün zamanlarda gücü qəbul edib:

"Rusiyanın qəbul elədiyi yeganə dil yalnız hərbi gücdür. Bu gücü Türkiyə Suriyada və Liviyada barış şəklində ona göstərdi. Türkiyə Rusiyanın hərb maşınını demək olar ki, bu iki bölgədə, həm Liviyada, həm də Suriyada darmadağın etdi. Artıq getdikcə güclənən Türkiyə amili mövcuddur. Gürcüstan-Türkiyə əlaqələrinin hərbi cəhətdən güclənməsi də əlbəttə ki, Türkiyənin mövqelərini gücləndirən, Rusiyanın mövqelərini zəiflədən tərəfdir. Bildiyiniz kimi, Rusiya Cənubi Qafqazda bu gün yalnız müəyyən mənada Ermənistanda güclüdür. İctimai rəydə çox kövrəkdir. Bu gün erməni gəncliyi Rusiyanın hərbi cəhətdən Ermənistanda varlığını qəbul etmir, bu da Rusiyanın geosiyasi maraqlarına çox böyük təhlükə yaradır.

Buna görə də, düşünürəm ki, Türkiyənin getdikcə Cənubi Qafqazda güclənməsi Rusiyanın gələcək perspektivdə Cənubi Qafqazda sıxışdırılmasına yönəlik bir koridordur. Ona görə də Gürcüstan-Türkiyə əlaqələrinin güclənməsini dəyərləndirmək lazımdır".