Co Baydenin dönəmi: Kremli ağır günlər gözləyir


"Donald Trampdan fərqli olaraq Co Baydenin insan hüquq və azadlıqlarından çıxış edərək bəzi dövlətləri təsir altına alacağı şübhəsizdir. Amma bu vəziyyət öz ölkəsində demokratik üsul-idarəsini möhkəmləndirməkdə maraqlı olan, hüququn aliliyini rəhbər tutan dövlətlər üçün narahatlıq doğurmamalıdır. Əksinə, həmin dövlətlər ABŞ-la münasibətlərini yaxşılaşdırmaq üçün bu dönəmi düzgün dəyərləndirməlidirlər".



Bu sözləri "Şərq" ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. Politoloq əlavə edib ki, onu da unutmaq olmaz ki, demokratiyanın dəstəklənməsi ABŞ-ın ekspansionist siyasətinin gizləndiyi mühüm vasitələrdən biridir:

"Belə ki, bir çox hallarda geosiyasi maraqlar uğrunda mübarizədə beynəlxalq hüquqa, insan hüquq və azadlıqlarına ikili yanaşması ABŞ-ın əsl niyyətini gizlətməyə imkan vermir. Deməli, Bayden hakimiyyətinin sələfindən fərqli olaraq dövlətlərə qarşı münasibətində düzəlişlər edəcəyi bütünlükdə ABŞ-ın strateji maraqlarının dəyişəcəyi anlamına gəlməməlidir. Rusiya, Türkiyə, Çin və İranla münasibətlərinə yenidən baxacağı və müəyyən korrektələr edəcəyi bu baxımdan diqqət çəkir. Əsasən də Bayden hakimiyyəti dönəmində Vaşinqtonla Moskva arasında gərginliyin arta biləcəyi ilə bağlı ehtimallar daha çox səsləndirilir. Habelə, Cənubi Qafqazdakı son olayla əlaqəli Rusiyanın geosiyasi mövqelərini möhkəmləndirməsinə, sülhməramlı qüvvələrini burada yerləşdirməsinə ABŞ-ın biganə qalmayacağı aydındır. Düzdür, böyük bir dəyişikliyə səbəb olacaq hər hansı addımın atılması müşahidə edilməsə də baş verənlərin beynəlxalq müstəviyə qaldırılmasının mümkünlüyü Kremlin nəzarətinin zəifləməsinə təsirsiz ötüşməyəcək".

R.Hüseynov qeyd edib ki, təsadüfi deyil ki, rəsmi Moskvanın Cənubi Qafqazdakı müharibə sonrası proseslərin beynəlxalq hüquq çərçivəsindən kənara çıxmadığını izah etməyə çalışması gözlənilən təsirlərin və sanksiyaların ola biləcəyini göz önünə aldığını göstərir:

"Rusiya anlayır ki, Tramp dövründən fərqli olaraq onu ciddi sınaqlar gözləyir. Məhz ABŞ-dakı inaqurasiya ərəfəsində müxalifət liderinin Moskvaya qayıtması, onun həbsi və əhalinin kütləvi etiraza qalxması təsadüfi görünə bilməz.

İlkin mərhələdə bunun Qərbin Rusiyaya təsir vasitəsi olaraq istifadəsi şübhə doğurmur. Azərbaycana gəlincə, onu demək olar ki, ABŞ regionda sülhün və təhlükəsizliyin olmasında maraqlıdır.

O cümlədən regionun iqtisadi potensialından istifadə və region dövlətlərinin hərbi əməkdaşlığı və NATO-ya inteqrasiyasına önəm verir. Düzdür, ABŞ-dakı erməni lobbisinin təzyiqləri Co Baydenin Azərbaycana təzyiqləri artırmasına səbəb olsa da, amma ümumilikdə münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq. Regionun böyük potensiala malik ölkəsi ilə əlaqələri qoruyub saxlamaq fövqəldövlət üçün də zəruridir.

Öz növbəsində demokratik idarəetməni, iqtisadi inkişafı prioritet hesab edən, NATO ilə əlaqələri genişləndirməyə çalışan Azərbaycan üçün ABŞ-la münasibətlərin daha da yaxşılaşdırılması maraq doğurur.

Əsasən də müasir dönəm üçün hakimiyyətin siyasi iradə nümayiş etdirərək demokratiya və insan hüquqlarının qorunması istiqamətində irəliyə can atması ölkəyə qarşı bu istiqamətdə yönəlmiş bəzi beynəlxalq institutların qərəzli yanaşmasına bəhanə  verməməsi üçün vacibdir.

O cümlədən ABŞ-la ikitərəfli əlaqələr, hərbi əməkdaşlıq  regional güclərin Azərbaycana olan təzyiqlərinin neytrallaşdırılması baxımından da əhəmiyyətlidir".