Azərbaycana dəymiş ziyan hesablanır


“Beynəlxalq təcrübəyə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiya artıq hazırlanıb və qəbul edilib”. 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, həmin konsepsiya işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun inkişafını, əlverişli biznes mühitinin yaradılmasını, dövlət və özəl sektor tərəfdaşlığının təşviqini, sosial dəstək mexanizmlərinin tətbiqini, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin qayıdışını, torpaq islahatlarının aparılmasını əhatə edir:

“Eyni zamanda, beynəlxalq ekspertiza cəlb edilməklə dəymiş ziyanın hesablanmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşdırılması işləri də həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 5 yaşayış məntəqəsində işlər yekunlaşıb. 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir. 132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.

M.Cabbarov qeyd edib ki, 17 yanvar 2021-ci il tarixinə Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər rayonları və Suqovuşan qəsəbəsi üzrə cəmi 4 min 83 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.