Ermənistan məyusdur

İtaliya Azərbaycanı Zirvə toplantısına dəvət edib

Ölkəmizin beynəlxalq nüfuzu, hərbi gücü, iqtisadi inkişafı bu sevindirici hadisədə mühüm rol oynayıb

"Regionda 27 sentyabra qədər güclü, 8 noyabrdan sonra isə gücünə güc qatan Azərbaycan var"

Azərbaycanın oktyabrın 30-31-də Romada keçiriləcək G 20-nin Zirvə toplantısına dəvət alması Ermənistanı əməlli-başlı məyus edib. Düşmən ölkənin Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan İtaliyanın Azərbaycanı Zirvə toplantısına dəvət etməsinin onlara ağır gəldiyini etiraf edib.

Minasyan xüsusi olaraq bildirib ki, İtaliya G 20-yə rəhbərlik etdiyi dövrdə mühüm dövlətləri seçərək zirvəyə dəvət edir: “Vaxtilə Ermənistan üçün ən yaxın dost sayılan ölkələrdən biri olan, həm ağır günlərdə, həm də xoş anlarda həmişə yanında görünən İtaliya... Bu o İtaliyadır ki, Ermənistanla əlaqəli məsələlərə ən azı balanslı yanaşma göstərirdi. Onlar Azərbaycanla yanaşı, Ermənistana da dəvət göndərib, bərabərlik prinsipini təmin etməyi lazım bilmədilər”. Keçmiş diplomatın sözlərinə görə, bu məqam Ermənistan diplomatiyasının, xarici siyasətin, dövlət qurumlarının məhv edildiyi və aciz qaldığının daha bir təəccüblü və acı sübutudur. “Nikolizm” dövlətimizi daxildən məhv etdi. Ləyaqətimizi itiririk. Və bu xainlərin Ermənistanı təmsil etməsinə icazə verdiyimiz müddətdə dünyanın reaksiyası fərqli ola bilməz. Nə qədər ki, biz özümüzə hörmət etmirik, başqalarının bizə hörmət etməsinə səbəb olmayacaq”.

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə “Şərq”ə deyib ki, “G 20” siyasi və iqtisadi təşəbbüslərin təqdim olunduğu böyük bir platformadır. 1999-cu ildə iqtisadi kriz dönəmində yaradılan bu platformanın iştirakçı dövlətlərinə və beynəlxalq qurumların siyahısına baxsaq, nə qədər nüfuzlu olduğunu görərik. Onun sözlərinə görə, bu qrupa daxil olan ölkələr dünyada istehsal olunan malların 85, beynəlxalq ticarətin 75 faizinə sahibdirlər. Dünya əhalisinin üçdə ikisini “G 20” ölkələrində yaşayır.

Bu üç göstərici “Böyük 20-liyin” nüfuzunu ifadə etmək üçün kifayət qədər yetərlidir. Azərbaycanın da oktyabrın 30-31-də Romada keçiriləcək “G 20”nin Zirvə toplantısına dəvət alması çox mühüm və sevindirici hadisədir. Əlbəttə ki, bu dəvətin səbəbləri var. Bu səbəb Azərbaycanın və Prezident İlham Əliyevin dünya miqyasında olan nüfuzundan, ardıcıl aparılan uğurlu xarici siyasətdən, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan irəli gəlir. Azərbaycan 2020-ci ildə yeni dönəmə və öz inkişaf mərhələsində yeni eraya daxil olub. 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü təmin edən ölkəmiz dünyaya yeni mesajlar verdi. Son illərədək ərazi bütövlüyünün hərbi yolla bərpa edilməsi ilə bağlı nümunə demək olar ki, yoxdur. Azərbaycan bunu dünyaya göstərdi. Fikrimcə, yeni dönəmin növbəti mərhələsi iqtisadi və energetika müstəvidə reallaşmaqdadır. Bu konsepsiyanın ilk işartısı Aşqabad şəhərində Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı Memorandumun imzalanması oldu. Hesab edirəm ki, bu iqtisadi inkişaf mərhələsinin vacib məqamı da Azərbaycanın Şərqlə Qərb arasında oynayacağı mühüm rol ilə bağlı olacaq”. 

QHT rəhbəri vurğulayıb ki, qeyd olunan faktlar yeni yaranan imkanların Azərbaycanın xeyrinə olduğunu göstərir:

“Regionda 27 sentyabra qədər güclü, 8 noyabrdan sonra isə gücünə güc qatan Azərbaycan var. Əks tərəfdə isə pis vəziyyətdən daha acınacaqlı duruma düşən Ermənistan mövcuddur. Darmadağın olan ordu, iqtisadiyyat və ölkə!!! Vəziyyət o qədər aydındır ki, erməni ekspertlər də bunu artıq başa düşür və həyəcan siqnalı verirlər. Azərbaycanın beynəlxalq səviyyədə uğurları ilə Ermənistanın hazırkı durumu müqayisə olunmaz səviyyədədir. Heç şübhəsiz, bəzi erməni siyasətçilər bu reallığı dərk edir və etirafa məcbur qalır. Ermənistanın bu duruma düşməsində hazırkı Baş nazir Nikol Paşinyanın da günahları az deyil. Küçədən hakimiyyətə gələn Paşinyan Ermənistanın uçuruma bir qədər də tez yuvarlanmasına kömək etdi. Ümumilikdə isə Ermənistanın bu vəziyyətə düşməsində Azərbaycanın gücünün mühüm təsiri var. Azərbaycan öz gedişləri və gücü ilə dəfələrlə Ermənistanın siyasi sisteminə təsir edə bilib. Sonuncu hakimiyyət dəyişikliyi Azərbaycanın  Aprel döyüşlərindəki qələbəsi ilə bağlı idi. Hazırda Ermənistanda bir neçə ay davam edən gərginlik, yenə də Azərbaycanın düşməni məhv etməsi ilə bağlıdır”. 

C.Hüseynzadənin fikrincə, Azərbaycan tərəfinin böyük uğurlarına Ermənistanın aşırı qısqanclıqla yanaşması başadüşüləndir:

“İqtisadi və digər göstəricilərə görə, Azərbaycan və Ermənistan müqayisə olunacaq ölkələr deyil. Lakin qonşu dövlət və müharibə tərəfləri olmuş ölkələr kimi bütün hallarda müqayisə aparılır. Və bu müqayisə Ermənistanın iqtisadi və hərbi gücü ilə yanaşı, beynəlxalq nüfuzunun da aşağı olması ilə səciyyələnir. Düzdür, bir neçə Avropa ölkəsinin Ermənistanı yazıq ölkə kimi müdafiə etməsi faktları var. Lakin bu müdafiənin erməni lobbisi ilə bağlılığı, eyni zamanda həmin ölkələrin Azərbaycan və Türkiyəyə qarşı qərəzli olduğunu hər birimiz yaxşı bilirik. Bu baxımdan İtaliyanın Azərbaycanı Zirvə toplantısına dəvəti Ermənistanda təşvişə səbəb olub”.