Qadağan olundu: Gözmuncuğundan istifadə Allaha şərik qoşmaqdır

Hacı Atif İsmayılov: "Kimsə evində gözmuncuğu asırsa, yaxud körpəsinin üzərində gözmuncuğu gəzdirisə, bunu etiqad mənasında etməməlidir. Sadəcə, bir bəzək əşyası kimi istifadə etməlidir"

Gözmuncuğu ən çox satılan aksessuarlar sırasındadır. Görünür, insanlarımızın bəd nəzərdən qorxmasının çəkisi, əhatə dairəsi hesaba alınaraq gözmuncuğu sənayesi də istehsalını genişləndirir. Ən müxtəlif ölçülərdə, müxtəlif dizaynda gözmuncuqları dükanlarda göz oxşayır. Gözmuncuqlarından az qala hər sahədə, hər məqsədlə istifadə edir insanlar. Körpələrin biləyinə, geyimlərinin yaxasına taxılır, beşiklərindən asılır, evin işinə də, çölünə də - giriş qapısına, mağazalarda, hətta kafe və restoranlarda da gözmuncuğu vurulur divara. Biz azərbaycanlılar hətta lap irəli gedib tikan, üzərlik... asırıq eyvandan, qapıdan. Din xadimləri isə hesab edir ki, bəd nəzərdən qorunmaq üçün gözmuncuğu və onunla eyni məqsədi bölüşən başqa əşyalardan istifadə etmək şirkdir – yəni, Allaha şərik qoşmaqdır.

Qardaş Türkiyədə gözmuncuqlarının istifadəsinə dair Diyanət İşləri Başqanlığı fətva verib. Fətvada bildirilir ki, gözmuncuğundan bəd nəzərdən qorunmaq məqsədilə istifadə islam dininin ehkamlarına ziddir. İnsan Allaha güvənməli və qorunmağı da Ondan istəməlidir. Adi daş, ağac parçaları, bəzək əşyaları bəd nəzərdən qoruya bilməz. Bədnəzərdən qorunmağın yolunu Allah-təala bəndəsinə göstərib. Bu da “Qurani-Kərim”dəki məlum surələr də dualardır. Məsələn, “Fələq”, “Nas” surələri, “əl-Bəqərə” surəsinin 255-ci ayəti – Ayətül-kürsi. Diyanət İşləri Başqanlığının fətvasında bildirilir ki, gözmuncuğu timsalı elementlərdən bəzək məqsədilə istifadə etmək olar. Lakin bu əşyalardan bəd nəzərdən, müxtəlif xəstəliklərdən qorunmaq, güc əldə etmək, ticarətdə qazanclı olmaq məqsədilə istifadə düzgün deyil və haram əməllə eyni dərəcədədir. Gözmuncuğu inanc əşyası olmamalıdır. Onun hansısa qüvvəyə, gücə malik olduğuna inanmaq da Allahın gücünə, qüdrətinə qarşı gəlməkdir. 

Təəssüf ki, bizdə də gözmuncuğu bəd nəzərdən qorunmaq vasitəsi hesab edilir. Və mağazalarda, ticarət köşklərində satışa çıxarılır. İşbazlar insanların həssaslığından, duyğularından, eləcə də bilgisizlik və xurafata meyilliliyindən yararlanaraq bu cür əşyaları, guya ki, bəd nəzərdən qorumaq funksiyasına malik olduqları adı altında satır və qazanc əldə edirlər. 



İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında varlıqlara pərəstişlə etiqad arasında ilk baxışda çətin görünən sədd olduğunu bildirdi: 

- “Qurani-Kərim”də Alah-təala Rəsullaha buyurur ki, bəd nəzərli insanlar var, onlarla qarşılaşdıqda Allaha sığın. “Qurani-Kərim” vasitəsilə - “Fələq” və “Nas” surələrində Rəbbimiz bəd nəzərdən, batil əməllərdən Allaha sığınmağı  və buna uyğun da müvafiq ayələri oxumağı tövsiyə edir. Yəni Allah-təala peyğəmbəri bəd nəzər, batil əməllər qarşısında “silahsız” buraxmır. Ona qorunmaq üçün “silahı” nişan verir – ayələri. İlk növbədə Allaha inanacaqsan, sonra da onun sənə tövsiyə etdiyi yolla gedəcəksən. Çünki həmin ayələrdə şeytanın şərrini, düyünlərə üfürənlərin bəlasını  Allaha sığınmaqla dəf  etmək olar. Amma bəndə hərəkət etməlidir, bu da Allahın biz bəndələrinə göndərdiyi ayələrdir - dualardır. Xüsusi olaraq bəd nəzər duaları var, dini kitablarda  qeyd edilir. Onlar da "Qurani-Kərim"dən müxtəlif ayələr əsasında tərtib edilib. Pəsulullah əleyhissalamdan nəql olunan hədislərdə var ki, əqiq daşı, xüsusilə Yəmən əqiqi, firuzə daşı insanı bəd niyyətlərdən qoruyur. Müxətlif mədən daşları var ki, hansısa xəstəliklərdə istifadə olunmaları tövsiyə edilir. Deyək ki, dənizdən çıxarılan daşlar, kəhrəba və sair. Allahın yaratdığı hər bir varlığın özünəməxsus keyfiyyəti və xüsusiyyəti var. Bizim cansız hesab etdiyimiz varlıqlar əslində canlı ola bilir və Uca Allahı təqdis edirlər. Biz hansısa daşa, sadəcə daş parçası kimi baxırıq. Onu cansız, dilsiz hesab edirik. Amma onun canlı və ya cansız olduğunu bilmək qürdətində deyilik. Yaratdıqlarının hansı xüsusiyyətə malik olduğunu onu Yaradan bilir. 

H.A.İsmayılov qeyd etdi ki, çətinlik və insanlarımızı çaşdıran etiqadla pərəstişi bir-birindən ayırmaqda çətinlik çəkmələridir: 

- Biz hər bir işdə birbaşa Allahdan kömək gözləsək, gərək xəstələr sağalmasın, uzanıb həyatdan köçəcəyi saatı gözləsin. Dünyada tibb elmi var, həkimlər xəstələri müayinə edir, müalicə təyin edir, dərman yazır. Və deyir ki, bu dərmanları içsən, xəstəliyin yüngülləşər. Hər bir varlığın yaranma səbəbi olduğu kimi, xəstəliklərin də səbəbi var və bunu həkim araşdırır. Səbəblər inkar edilmir. Xəstə əlbəttə, ilk növbədə Allahdan şəfa istəyir, xəstələrə, yaralılara hamımız ilk növbədə Allahdan şəfa diləyirik, amma bununla yanaşı onların müalicəsi aparılır, sağalmaları üçün hansı tibbi üsul münasibsə, o həyata keçirilir. Etiqad yalnız Allahadır. Daşlara, başqa varlıqlara etiqad edilməz. Onlardan müalicə məqsədilə, yaxud bəd nəzərlilərdən qorunmaq üçün istifadə edilə bilər. Əsas niyyətin düzgünlüyüdür. Etiqad, iman və inam Allahadır, həmçinin Allahın yaratdığı  varlıqlara pərəstiş etmədən, müəyyən çətinlikləri onların vasitəsilə dəf etmək olar. Daşlar və digər əşyalara etiqad etmək şəri nöqteyi-nəzərdən düzgün deyil, amma onlardan sağlamlıq məsələlərində istifadə etmək olar. Eləcə də kimsə evində gözmuncuğu asırsa, yaxud körpəsinin üzərində gözmuncuğu gəzdirisə, bunu etiqad mənasında etməməlidir. Sadəcə, bir bəzək əşyası kimi istifadə etməlidir.