Gözlər Türkiyədə !- “Azərbaycanda sülhməramlı missiyası... ”

Yanvarın 28-də Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.
Toplantıda Şərqi Aralıq dənizi, Türkiyə hərbçilərin Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir. Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizləri ilə bağlı aparılan kəşfiyyat danışıqları da iclasda müzakirə ediləcək prioritet məsələlərdəndir.



Sözügedən toplantı barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Sherg.az”a danışıb.
Partiya sədri vurğulayıb ki, hazırda Türkiyənin bölgədəki mövqeyi baxımdan iclasda qəbul ediləcək qərarlar çox əhəmiyyətlidir:

“Çünki həm Şərqi Aralıq dənizində baş verənlər, həm Türkiyə-Yunanıstan münasibətləri və qardaş ölkənin “savaşa hazırıq”  deyib, heç kimlə savaşmaması yeni bir Türkiyənin olduğunu göstərir.

Artıq hər kəs Türkiyə ilə hesablaşır. Lakin böyük qısqanclıqlar da var. Rəsmi Ankaraya sanksiyalar tətbiq etmək istəsələr də, qardaş ölkə özünün hərbi hissələr kompleksini yaratdı. Cənubi Qafqaz bölgəsinə gəldi, Liviyada söz sahibinə çevrildi. Türkiyə hətta Afrikanın Şimalında söz sahibidir”.

F.Quliyev qeyd edib ki, Türkiyə eyni zamanda Sudan, Somali, Qətərdə fərqli mövqe qazanıb:

“Ana müttəfiqimiz, etibar edib söykənə biləcəyimiz ən güclü tərəfdaşımız Türkiyədir. Ərdoğanın dili ilə desək, “biz ortaq gələcəyimizi müəyyənləşdirən dövlətlərik”. Hər zaman qardaş ölkə ilə hərbi təlimlərimiz olub.

Keçiriləcək iclasda Türkiyədə hansısa bir əməliyyat olacaqsa, Azərbaycan tərəfindən dəstəklərin verilməsi gündəmə gətirilməlidir. Fikrimcə, toplantıda Qarabağla bağlı məsələlərə baxılacaq”.

Sabiq deputatın fikrincə, iclasda Türkiyənin bölgədə və ölkəmizdə barış və təhlükəsizliklə bağlı ciddi addımlar atacağı proqnozlaşdırıla bilər:

“Üzərimizə düşən isə qardaş ölkəyə meydan verməkdir. Yəni Türkiyənin Azərbaycanda sülhməramlı missiyası, gələcəkdə ortaq ordunun yaradılması, ölkəmizdə türk hərbi bazasının qurulması, ordumuzun istənilən cəbhədə Türkiyənin yanında olması zəruridir.

Hesab edirəm ki, Türkiyəyə dəstək verməklə NATO və Amerika da qardaş ölkəni qiymətləndirəcək. Bu fakt rəsmi Ankaranın bölgədə güclənməsi deməkdir. Türkiyənin bölgədə güclənməsi isə bizim üçün əhəmiyyətlidir.

Fikrimcə, fərqli bir toplantı olacaq və Azərbaycanla bağlı fərqli nəticələr əldə ediləcək. Daha dəqiq desək, xeyrimizə pozitiv qərarlar qəbul olunacaq”.