RƏZALƏT ! - Su basmış şəhid qəbirləri, hayqıran analar... – Qandonduran video 

Əziz Əlibəyli: “Şəhidlərdən uca heç kim ola bilməz. Yetər, vallah. Bu, göz-görəsi təxribatdır”

Tural Abbaslı: “Gözü yaşlı şəhid ailələrinin ürəyinə dağ  basan kimlərdirsə, ifşa edilməlidirlər”

“...Hələ də “5-ci kolon” güclüdür və Azərbaycanda iqtidar, xalq,  müxalifət və media arasında yaranmış həmrəylikdən narahatdır”


Sosial şəbəkələrdə şəhidimizin məzarını su basması ilə bağlı video yayılıb. Görüntülərdən məlum olur ki, dəfn olunduqdan bir müddət sonra şəhidin qəbri su içində qalıb və yararsız hala düşüb. Hadisə şəhidlərin ailələri və əhali arasında kəskin etirazlara səbəb olub. Onlar övladlarının uzaq və bataqlıq yerlərdə dəfn olunmasına etiraz edirlər. Görüntülərdə şəhidin valideynlərinin acı dolu hayqırtıları olduqca ürəkağrıdıcıdır. Vətən uğrunda can qoyan, qanla tarix yazan oğullarımıza belə dəyərin verilməsi sadəcə biabırçılıqdır. Maraqlıdır, 30 illik həsrətə qovuşmağımızda can qoyan qəhərman oğulların dəfni üçün bataqlıq yerlərmi rəva bilinir?


Hadisənin təxribat xarakterli olduğunu  iddia edənlər də var. Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli ürəkdağlayan görüntülərlə bağlı Feysbuk hesabında paylaşım edib:

“Şəhidlərdən uca heç kim ola bilməz. Ayıbdır, şəhid analarının o cür görüntüləri, su basmış şəhid qəbirləri... Yetər, vallah. Bu, göz-görəsi təxribatdır”.



Baş verənləri  “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, sözügedən hadisə çox aktual və həssas məsələdir. Onun sözlərinə görə, məsələnin səhlənkarlıqdan daha çox mənəvi bir tərəfi var. Partiya sədri qeyd edib ki, şəhid ailələrinin problemləri uzun müddətdir ki, müzakirə olunur. Onlar müxtəlif televiziya kanallarına çıxırlar:

“Təəssüf ki, hələ də bəzi dövlət qurumları bu məsələyə sakit yanaşır. Sanki görmürlər, eşitmək istəmirlər. Müharibədən yeni çıxan Azərbaycan üçün əsas məqam şəhidlər və şəhid ailələri, qazi və onların ailələri olmalıdır. Dünyanın hər yerində belədir. Amma , elə bil ki, məhz Azərbaycanda şəhid ailələrinin narazılığına nail olmağa çalışırlar.

Yazıq ailələrin bircə tələbi var: “Övladlarımız şəhidlər üçün nəzərdə tutulan Fəxri Xiyabanda dəfn olunsun”. Onlar nə ev, nə pul, nə də vəzifə istəyir. Sadə bir tələbdir: Övladlarları layiq olduğu yerdə uyusun. Vətəndaşlarımız da ziyarət edəndə bilsinlər ki, bu insanlar vətən uğrunda şəhid olublar. Bundan təbii nə istək ola bilər axı?”.

T.Abbaslı qeyd edib ki, hadisədə təəccüb doğuran aidiyyəti şəxslərin və qurumların reaksiyasız qalmasıdır:

“Yaxud hələ də “5-ci kolon” güclüdür və Azərbaycanda iqtidar, xalq, müxalifət, media arasında yaranmış həmrəylikdən narahatdır. Ona görə də belə problemlərlə xalqın birliyinə zərbə vurmaq, bəlkə də, insanları etiraza qaldırmaq istəyirlər.

İnanmıram ki, ölkəmizdə bir nəfər də olsun vicdanlı şəxs həmin görüntülərə baxsın və biganə qalsın.

Siyasi kimliyindən, sosial statusundan, maliyyə gəlirindən, yaşından, cinsindən, milliyətindən asılı olmayaraq, bu səhnə istənilən adamın vicdanını oyandırır və qəzəb yaradır.

Bu qəzəb kimə qarşı yönəlir? Təbii ki, hadisəyə cavabdeh olan qurumlara qarşı. Belə bir sual ortaya çıxır: Problemin yaranmasında kimlər səbəbkardır? Baş verənlər araşdırılmalıdır. Günahı bu təxribata göz yuman aidiyyəti qurumlarda axtarmaq lazımdır.

Gözü yaşlı şəhid ailələrinin ürəyinə əlavə olaraq dağ  basan kimlərdirsə, onlar tapılmalı və ictimaiyyət qarşısında ifşa edilməlidir. Problem həllini tapmasa, cəmiyyətdə parçalanma yaradacaq”.