Ən böyük savab...

38 uşaq dövlət müəssisələrindən öz ailəsinə qaytarılıb

Günərzi Qayğı Mərkəzi də çarəsiz qadınların uşaqlarına dayaq olur

Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində görülən işlər nəticəsində son bir ildə 38 uşaq müəssisələrdən öz ailəsinə qaytarılıb. Övladlığa götürmə sahəsində idarəetmənin nazirlik tərəfindən həyata keçirilməsinə başlandığı 1 noyabr 2019-cu ildən bu günə qədər isə 27 uşaq (14 oğlan və 13 qız) övladlığa verilib. Onlardan 5-i ögey ana - ögey ata, 17-si yaxın qohum tərəfindən, 2-si valideynlər arasında razılıq əsasında, 3 uşaq isə dövlət uşaq müəssisəsindən övladlığa götürülüb.

Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3 yaş, 16-sı 4-11 yaş, 1-i isə 12-18 yaş aralığında olanlardır. Uşaqların övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması xüsusi diqqətdə saxlanır. Bu istiqamətdə ciddi nəzarət, övladlığa götürülən hər uşağın ailədəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər həyata keçirilir.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında vurğulayıb ki, uşaqların dövlət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı bir sıra dövlət proqramları həyata keçirilir. O qeyd edib ki, bu proqramlar vasitəsilə valideynlərə hər cür köməklik göstərilir:

"Bəzi valideynlər, xüsusilə də tək qalmış qadınlar çox vaxt maddi  çətinliklər səbəbindən övladlarını internat məktəblərinə qoymaq məcburiyyətində qalırlar. Amma dövlət bir sıra  proqramlar həyata keçirərək bu kimi halların sayını minimuma endirməyə çalışır. Həmin proqramlardan biri də Günərzi Qayğı Mərkəzləridir. Burada həmin uşaqlar dərslərdən çıxaraq bura gəlirlər. Hətta onlar burada dərslərini də hazırlayırlar. Valideyn işdən sonra gələrək rahat şəkildə övladını evinə apara bilir. Yəni bu proqramlar mühüm əhəmiyyətə malikdir.  Layihə çərçivəsində valideynlərlə hər həftə görüşlər keçirilməklə, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında köməklik göstərilir. Eyni zamanda Günərzi qayğı mərkəzlərində uşaqların  bu və ya digər istiqamətdə bacarıqlarının inkişafı üçün işlər aparılır. Lakin indi pandemiya olduğu üçün həmin layihələr dayandırılıb. Valideynin özünün övladlarına baxması üçün dövlət tərəfindən müəyyən vəsaitlər ayrılır. Çox sevinirəm ki, bu proqramlar uşaqların dövlət internat məktəblərinə qoyulmağının qarşısını alır".