"Xeyli məhkum azadlığa buraxılıb"

Şəhid və qazi yaxınlarından həbsxanada olanların azadlığa buraxılması şəxsən nazirin təşəbbüsüdür

“Qarabağ müharibəsində şəhid olan, yaralanan şəxslərin məhkumluq həyatı yaşayan ailə üzvlərinin uçotu hazırlanıb”. Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, şəhid və qazi yaxınlarından həbsxanada olanların sayı çox deyil, təxminən 30-dan çox məhbusdur: “Onlardan bəziləri vaxtından əvvəl azadlığa buraxılıb, qanun imkan verən məhkumların cəza müddəti azaldılıb. Həmçinin qanun imkan verdiyi üçün bir məhkuma şəhid oğlunun dəfnində iştirak üçün icazə verilib”. İlqar Məmmədov ümumiyyətlə, respublikamızda cinayət törətmiş şəxslərdən 8149 nəfərin əfvetmə ilə azadlığa buraxıldığını söyləyib. Vurğulayıb ki, ötən il yaşı 65-dən yuxarı olan şəxslərdən 176 məhkum azadlığa buraxılıb. Onlardan iki nəfəri ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Ümumilikdə ötən il cəzaların icrası ilə bağlı mühüm işlər həyata keçirilib. Məhkumların saxlanma şəraiti, qidalanması, tibbi-texniki təminatı daim nazirliyin diqqətində olub: “1884 məhkum barədə təqdimatlara baxılıb, 334 məhkum cəzadan tamamilə azad edilərək azadlığa buraxılıb. 590 məhkumun cəza müddət azaldılıb. Onlardan 12 nəfəri qadındır”.



Ədliyyə sahəsində həyata keçirilən tədbirləri “Şərq”ə dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu nazirliyin son bir ildə böyük işlər gördüyünü vurğulayıb. Hüquq müdafiəçisi bildirib ki, ötən il ərzində məhkumlarla bağlı atılan addımlar təqdirəlayiqdir:

“Ədliyyə Nazirliyi müvafiq komissiyalar tərəfindən hazırlanan bütün məhbus siyahılarını dəqiqliklə incələyib. Nəticədə xeyli məhkum azadlığa buraxılıb. Bizim təşkil etdiyimiz siyahıya da baxılıb. Demək olar ki, əksər müraciətlərə vaxtında baxılır. Sadə insanların ərizələri belə gözardı edilmir və düzgün qərarlar çıxarılır. Peşəmizə görə Ədliyyə Nazirliyi ilə sıx işləyirik və gözəl işlər görüldüyünün şahidi oluruq. Ümid edirik belə də davam edəcək. Vətən müharibəsində şəhid olmuş, yaxud yaralanmış şəxslərin məhkumluq həyatı yaşayan ailə üzvlərinin azadlığa bıraxılması, cəzalarının yüngülləşdirilməsi isə birbaşa ədliyyə nazirinin təşəbbüsüdür. Əlbəttə, çox humanist qərardır”.