Bizi kökümüzə qovuşduran sənətkar

Avtandil İsrafilovun sənəti xalqımız üçün qürur mənbəyi, iftixar qaynağıdır

Azərbaycan xalqı dünyada tanınmış istedadlı sənət adamları ilə daima qürur duyub. Onlardan biri də 80 yaşını haqlamış “Şöhrət” ordenli, Xalq artisti, görkəmli qarmon ifaçısı Aftandil İsrafilovdur. O, 70 ildir ki, musiqi ilə yoğrulmuş dilli alətini Azərbaycan mədəniyyətində professional bacarığı, zəngin təcrübəsi ilə idarə edərək, fitri istedadı, fanatik çalışması ilə sənət kəhkəşanında böyük nailiyyətlərə gəlib çatmağa müvəffəq olub. Şair Cəmil Əkbərin şeirinin bir beytindəki mükəmməl anlamlı fikir, sanki Avtandil İsrafilov üçün nəzərdə tutulub:

Dərs almamış alim olan anadan,
İşıq verən çıraqbanı tapmışam.

Bu dərin mənalı beytdən yola çıxaraq deyə bilərəm ki, Avtandil Uca Tanrıdan ilahi bəxşiş almış sənətkardır, 70 ildir ağuşunda məsum bir yavru tək bəsləyib işvəsini – nazını gecə - gündüz çəkdiyi, əlində göz bəbəyi kimi hifz edib qoruduğu qara qiyafətli “sənət günəşi” adlı qarmonun ecazkar səsiylə dünyamızı çıraqban edib. Özünün dediyi kimi, rəsmi sənədlərdə “Dilaftan” olaraq qeyd edilən adının ilk hecasındakı kəlmə, sanki dilli alət adlı qarmonun Avtandil ismində dünyaya qədəm qoyduğu gündən simvolik məna ilə möhürlənərək təsdiqlənib. Buna görə də Avtandil insanlarla ünsiyyətdə olduğu zaman yaradılışdan, hər bir insan üçün bəxş olunan fiziki dili ilə əlaqə saxlayıb, fikrini sözlərlə, kəlmələrlə ifadə etməklə bildirir. Fəqət onun əsas dili insanların görüb duya bilmədiyi gizli olan, sadəcə özünə aid nihan barmağının dilləri ilə qarmonun ağlı-qaralı görünən mərmər görünüşlü dillərinə toxunduğu zaman həmsöhbət olmaqla məramını, müdrik fikirlərini, mənəvi dünyasının aynası olan ruh halını bir peşəkar kimi ən gözəl şəkildə yansıda bilir. Bu baxımdan da dil Avtandilin həyatında iki məna kəsb edir. Həm Avtandilin adında, həm də qarmonun dillərində.

Dilinə gətirib deyə bilmədiyi düşüncələrini Avtandil qarmonun şirmayi dillərində daha möhtəşəm ifadə edə bilmə qüdrətinə sahibdir. Onun fikir və ifadə dili sözlərində əks olunsa da, ürək dili qarmonun düyməli dillərində daha anlamlı səslənir. Bu dünyada iki dillə yaşasa da, məna dolu hikmətlə yoğrulmuş ürək sözlərini yalnız bir dillə, musiqi dili ilə, rəqslərlə, min bir naxışlı melodiyalarıyla dünyaya uğurla çatdıra bilir.



Avtandil qarmon ifaçılığı sənətində bir şairdir. Məntiqi fikirləri, müdrik kəlmələri poetik misralarla musiqi dünyasında axarı – baxarı ilə qəlbimizə ruhumuza, mənəviyyat dünyamıza pünhanca süzülərək dolamaqla özünü göstərir.

Avtandil bir rəssamdır, bütün insanlıq aləminin ruh halını, fikir və düşüncələrini haqq tərəfindən bəxş olunan ilham adlı qeyri-adi fırçasıyla melodiyalar şəklində qarmon isimli kətana ən uğurlu bir şəkildə əks etdirə bilir.

Avtandil bir heykəltəraşdır ki, onun yaratdığı yüzlərlə əsərləri, tarixi abidələrimiz kimi zaman-zaman xalqımızın məhəbbət adlı müqəddəs məbədgahında qorunub saxlanmaqla yaşadılacaq, gələcək nəsillərə əmanət saxlanılacaq.

Avtandil sənəti xalqımız üçün qürur mənbəyi, iftixar qaynağıdır. Avtandil müəllimin hər ifasında insan sevinir, nəşələnir, fəxarət hissələri yaşayır, mənəvi saflıq dünyasında paklaşır, ülvi gözəllik dünyasına bələnir. Onun hər çalğısı bir ixtiradır, möhtəşəm əsərləri yeni bir kəşf nümunəsidir. Avtandil sərrast ifadəli çalğısı ilə xalq musiqi nümunəmizə gözəllik ərməğanı bəxş edir.

Avtandil yaşadığı ünvan Azərbaycandır. Bu səbəblə də onun ifa etdiyi yüzlərlə əsərləri azərbaycançılığın timsalı kimi uzun illərdir ki, musiqi dünyamızda namusla, qeyrətlə, qüdrətlə səslənməkdədir. O, özünəməxsus çalğısı ilə soydaşlarımıza vətəndaşlıq hissləri aşılamaqla, həm də qəhrəman bir türkcülük mədəniyyətini təlqin edir. Çalğısı ilə əslimizi, kökümüzü, şəcərəmizi tanıtmaqla, şərəfli tarixi keçmişimizi bir daha bizlərə qovuşdurur. Uzun illərdir xeyirxahlıq, insanpərvərlik, vətənpərvərlik, beynəlmiləlçilik Avtandilin əsrarəngiz melodiyalarından duyulmaqdadır.

Avtandil İsrafilov Azərbaycan qarmon ifaçılığı sənətində yeni bir era, yeni bir səpki, yeni bir çığırdır. Bu dəst-xəttin yaradıcısının ifaçılıq yolu ilə gedən sənətkarların, çalğı yöntəmindən, ifaçılıq tərzindən böyük həvəs və yaradıcılıqla istifadə edən gənc nəsil musiqiçilərin sayının həddindən çox olduğunu müşahidə edirik. Çünki Avtandil Azərbaycan qarmon ifaçılığı aləminə və musiqi mədəniyyətimizə çağdaş çalğı manerasını bəxş edib. Bununla da öz yolu ilə də minlərlə insanın ruh dünyasını fəth edə bilib.

Avtandil İsrafilov musiqi xəzinəmizin qoruyucusudur. Bu əmanət xəzinəsini dəyərli melodik töhfələri ilə daima zənginləşdirən etibarlı, doğru, dürüst bir şəxsiyyətdir. Xoşbəxt o millətdir ki onun, Nizamisi, Füzulisi, Şah İsmayılı, Üzeyir Hacıbəyovu var. Həm də cəsarətlə deyərdim ki, Avtandil İsrafilov kimi Dədə Qorqud timsallı müdrik sənətkarı da vardır. Çünki Avtandil İsrafilov Azərbaycanın musiqi dünyasının, o cümlədən qarmon ifaçılığının simvolu və simfoniyasıdır. “Qarmon sənətkarı” təbiri Avtandil İsrafilov üçün biçilib. Sənət dünyamızda “qarmon ifaçısı” dediyimizdə Avtandil İsrafilov anılır. Onun çalğısı ürəkdən gəldiyi üçün ürəkləri asanca fəth edə bilir. Onun böyük sənəti qarşısında ürəklərimiz, qəlbimiz daima riqqətə gəlir, ruhumuz minbir naxışlı melodiyaların ecazkar dünyası ilə qeyri–ixtiyari təslim, əsir-yesir olur. Böyük sənətin mənası, əzəməti də bu qüdrətlə ölçülür.

Qürurlanıb öyünürsən ki, ilahidən gələn yaradıcı qarmon ifaçımız günümüzdə də bizimlə bərabər yaşamaqda, fəaliyyətini bu gün də şövqlə və şəstlə sürdürməkdədir.

Kövrək hissilərimizin, lirik duyğularımızın sarı teldə səslənən tərcümanıdır Avtandilin ifası. Avtandil qarmonla görüşəndə röyamızdakı xəyallar çin olur, arzu və istəklər kama çatır. Məhz niyyətlərin kama çatmasıdır Avtandil sənəti. Min bir ülvi hissilərimizin tüğyanı sanki Avtandil barmaqlarında cövlan edir, nakam aşiqlərin könül aynasında gizlicə zühur edir. Bu baxımdan da Avtandilin qarmonunu əlindən almaq, devin canını almaq deməkdir. Qarmon Avtandil üçün yerdi, göydü, asimandı, səmadı, qalaktikadı, atmosferdi, oddu, havadı, sudu, torpaqdı, ərşdi, gürşdü, bu dünyadı, o dünyadı və sonda əsrarəngiz bir cahandı, bir aləmdi. Qərinədir, əsrdir, ildir, aydır, həftədir, gündür, saatdır, dəqiqədir, saniyədir, zamandır, dövrandır, hətta qiymətli anımızdır. Onun çalğısı zamana - məkana sığmaz, nə cür başlar, necə başlar, nə vaxt bitər, bilinməz. Nə yerə, nə göyə sığar bu ifa. Heç bir məcrada qərar ala bilməz bu əsrarəngiz –bənzərsiz ifa. Sirlə dolu bir aləmdir Avtandilin ifaçılıq sənəti.

Bir günəşdir, işıqladır hər yanı. Sonu görünməz bir dünyadır bu ali səviyyəli ifa. Açılmaz, çözülməz bir hikmətdir bu çalğı. Mənəvi bir həyatdır, ilahi bir dünyadır Avtandil ifası. Yaşamaq sevincidir, qurmaq həvəsi, yaratmaq istəyi, təmənnasız xidmət göstərmək niyyətidir bu çalğı. Mənəvi qidasıdır ruhun, cismin canıdır. Dərd, məlal varsa, sevinc-nəşə də mövcuddur bu ilahi səslərdə.

Qarmon Avtandil üçün tale və ömür yoldaşıdır. Dostdur, qardaşdır, tərəf - müqabildir, həmsöhbətdir. Bu dediyini o anlayır, qarmon söylədiyini də Avtandil. Nə Avtandil bu mənəvi qidadan doyur, nə də qarmon usanır bu təmasdan. Qarmonda səslənən Avtandil qəlbinin riqqəti - təlatümüdür ki, möcüzəli səslər dünyasında bərq vurur. Nur saçaraq hərarət verir, bəzən soyuq nisgilli qəlb dünyamıza. Şəhidlərimizin müqəddəs qanları ilə sulanmış Qarabağ naləli, Göyçə fəryadlı, Zəngəzur həsrətli, o taylı, bu taylı gövr eyləyən yaramızın nisgilli səsi - sədasıdır, qarmonun dilı ilə dünyaya danışır. Bu səbəblə də həm sevinc, həm dərd ortağıdır Avtandilin qarmonu. Dərdimiz, sevincimiz Avtandil ifasında qarmonun vasitəsilə paylaşılır.

Böyük qarmon ustadının sənətinə, yaradıcılığına olan sonsuz hörmət və sevgimin nişanəsi idi ki, 2007-ci ildə “Nurlan” nəşriyyatı tərəfindən yayımlanan 1-ci və 2-ci cild “Azərbaycan rəqs havaları” məcmuəmdə Avtandil İsrafilovun müəllifi olduğu 15 rəqs nümunəsi yer alıb. Türkiyənin məşhur bağlama ustadı, Ankara Gözəl Sənətlər Universitetinin rektoru, professor Erol Parlak Avtandil İsrafilov sənətinə hörmət bəsləyən sənətkarlardandır. Təsadüfi deyil ki, bir neçə il öncə “Basqalı rəqsi”ni dəqiq çala bilməsi üçün nota yazdığım örnəyi göndərməyi məndən xahiş etmişdi. Sonralar TRT proqramlarının birində izlədiyim zaman ifada bir yanlışlığın, qüsurun olmaması məni çox sevindirdi.

Bütün bu əlamətdar hadisələr məni Avtandil İsrafilov yaradıcılığına təkrarən müraciət etməyə sövq etdi. Bu məramla onun 25 rəqsdən ibarət bəstəsini (“Yallı rəqsi”, “Aynurə rəqsi”, “Kəmalə rəqsi”, “Nazilə”, “Sevgilim”, “Simrani rəqsi”, “Yeni Rəqs”, “Basqalı rəqsi”, “Cəmilə rəqsi”, “Dağlaroğlu rəqsi”, “Zemfira rəqsi”, “Qarabağ rəqsi”, “Cəlalirəqsi”, “Bakı – Tiflis - Ceyhan”, “Nüşabə rəqsi”, “Jalə rəqsi”, “Bakı gecəsi”, “Vüsalə rəqsi”, “Bahar rəqsi”, “Laləzər rəqsi”, “Futbolçu rəqsi”, “Ayselim rəqsi”, “Nailə rəqsi”, “Osmanı rəqsi” ) nota köçürdüm və Türkiyənin məşhur “İKSAD Yayın Evi” tərəfindən nəşr etdirə bildim. Qurumun prezidenti Mustafa Lətif Əməkin, Sefa Salih Bildiricinin və İbrahim Kayanın bilavasitə təlimatı ilə nəşr etdirməyə nail olduğum bu toplu 80 yaşı ərəfəsində Avtandil İsrafilov sənətinə olan sevgi və heyranlığımın növbəti bir ərməğanı idi.

Vətən uğrunda müharibənin qələbə ilə sona çatması və böyük qələbəmiz sayəsində tarixi Qarabağ torpaqlarımıza sahib olmağımız əvəzi olmayan uğurdur. Azərbaycan Ordusunun, Ali Baş Komandan və xalqımızın qəhrəmanlığı ilə, həm də müqəddəs şəhidlərimizin qanı bahasına işğaldan azad olunmuş Qarabağ adlı müqəddəs məkanmızın mübarək azan səsinə, qara zurnamızın, tar-kamanımızın, sazəndə və xanəndələrimizin, aşıq sazında tüğyan edən neçə-neçə qədim ahəngləri ilə yanaşı zil notlarda ötən qartal görünüşlü qara qarmonda səslənən, Avtandil İsrafilovun bir vaxtlar bəstələdiyi “Qarabağ rəqsi”nin xarıbülbülün ana vətəni olan “Cıdır düzü”ndə əzəmətlə, məğrur, şəstlə səsləndirəcəyinə də çox böyük ehtiyacımız var. Böyük və bənzərsiz sənətkarımız Avtandil İsrafilovun da 2021-ci ildə neçə-neçə musiqi töhfələrinin, mübarək barmaqlarının tuşlara toxunduğu zaman yüksələn “Xoşbəxtlik simfoniyası” adlı əsərinin mədəniyyət paytaxtımız Şuşada səslənməsini intizarla, həyəcanla gözləyirik.

İlqar İmamverdiyev,
Türkiyənin Qaziantep Universitetinin
professoru, sənətşünaslıq doktoru.

Foto (soldan sağa) Avtandil İsrafilov, Aybəniz Haşımova, Firuzə İbadova,
Zakir Əliyev, İlqar İmamverdiyev
Tələbə və Gənclərin XII Ümumdünya Festivalı, avqust 1985. Moskva