Nazirdən gözləntilər: İnternet sürətlənəcəkmi?    

“Ümid edirəm ki, yeni nazir daha çox  telekommunikasiya infrastruktrunun inkişafına önəm verəcək”

“Azərbaycanda yarımçıq qalmış fiber-optik kabelləşmə prosesinin başlaması və bitirilməsinə diqqət edəcək”


26 yanvar tarixində Prezidentin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilən Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Cənab Prezident təyinat zamanı vurğulayıb ki, texnologiyanın inkişafı sahəsinə "xüsusilə gənclərin daha geniş miqyasda" cəlb edilməlidir.

Kadr dəyişikliyi Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində olan problemləri aradan qaldıracaqmı?



Sualımızı cavablandıran media hüququ üzrə ekspert Ələsgər Məmmədli “Sherg.az”a bildirib ki, prezidentin müstəsna səlahiyyəti  məmurların yerini dəyişməkdir:

“Bu tip məqamlar, qərarlar  olmalıdır. Son illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  neqativ fikirlərlə gündəmə gəlmişdi. Xüsusən, Ramin Quluzadənin rəhbərliyi dönəmində çoxlu sayda internet informasiya resursları bloklanıb və məhkəmə  çəkişmələri olub. İnternet resurslarına xüsusi qurum nəzarət edirdi. Həmin qurum konkret olaraq senzor roluna keçib.

Bu nazirliyin kommersiya qurumları var idi.  Bundan öncə prezidentin  bir neçə sənəd imzalaması ilə qurumlar nazirliyin əlindən alındı və vahid investisiya təşkilatına təqdim olundu.  Bura  kommunikativ  insfrastrukda mövcud olan qurumlar, “Azərppoçt” və digərləri daxildir.   Sözügedən nazirlik iki önəmli funksiya həyata keçirirdi.

Biri dövlət tənzimləməsi və nəzarəti , digəri isə kommersiya fəaliyyəti idi. Təəssüf ki, nazirlik daha çox kommersiya qurumu kimi çıxış edirdi. Ümid edirəm ki, yeni nazir daha çox  telekommunikasiya infrastruktrunun inkişafına, Azərbaycanda yarımçıq qalmış fiber-optik kabelləşmə prosesinin başlaması və bitirilməsinə diqqət edəcək”.

Ə.Məmmədli diqqətə çatdırıb ki, artıq 1 ildir,  bir milyon yeddi yüz insan  pandemiyaya görə onlayn təhsil alır. Lakin ölkədə infrastruktur yoxdur, kimisi meqabaytla, kimisi də sürətsiz internetlə dərslərdə iştirak etməyə çalışır:

“Onsuz da üz-üzə keçirilən dərslərdə keyfiyyət aşağı idi, bir də kommunikasiya, internet sürəti problemi cəmiyyətin internet resurslarına əl çatımlılığına məhdudiyyət yaradır. Prezidentin dediyi məqam önəmlidir. Gənclərin innovativ texnologiyanın inkişafı istiqamətində dəstəklənməsi vacibdir. Yeni kəşflər daha yaradıcı olur. İnfrastruktrun yaxşılaşdırılması və indiki halda monopolist infrastrukdan imtina edilməsi olduqca vacibdir”.