Qərənfildən Xarıbülbülədək 

Soyuq bir qış günü, yanvarın 20-si. Ürəyimizi parça-parça edən gecə.  Gül adlı bir qız vardı bu dünyada, onun həyat hekayəsini danışacam sizə. Bütün həyatını yox əlbəttə ki, sadəcə onun ağrılı və acılı bir günü haqda. Ürəyinə qılınc batıran, saçlarını ağardan, əllərini qurudan bir hadisədir, amma söyləməmək mümkünsüzdür.


Bəlkə də indi düşünəcəksiniz ki, bu düşüncələrim sadəcə Gül adlı bir qız haqqındadır, amma irəlilədikcə anlayacaqsınız ki, hekayədə Güldən fərqli olaraq, digər bir gülün də tarixi əhəmiyyəti var.

Kim bilərdi ki, bir gün axşam ailənlə sakit yemək yediyiniz zaman bir an içində həyatınız altı üstünə çevrilə bilər? Həyat elədir ki, həmişə öz-özümə deyirəm hər zaman, hər şey baş verə bilər və heç birimiz baş verənlərin nə vaxt olacağını bilə bilmərik.

Həyat bir an içində ən xoşbəxt gündən ən bəd günə keçə bilər, arzuladığın hər şey puç ola bilər; tam tərsi də baş verə bilər. Əlbəttə ki, həyatın öz axarına düşə bilər. Sən saydığını say, gör fələk nə sayır.

...Bakıda Gül adlı qız valideynləri ilə yaşayırdı. Gülün atası, anası, bir axşam saat 7-də masa arxasında şam yeməyinə oturmuşdular, xəbərləri yox idi ki, bu onların birgə yığışdığı axırıncı gündür.

Gül o zaman 10 yaşında idi. Heç 10 dəqiqə keçməmiş həyətdən çoxlu atəş səsləri eşidilməyə başladı, Gül bu səsi fişəng anlayıb sevinclə çölə çıxdı, həm də ona maraqlı idi, axı o eşidilən nə səslərdi axşam-axşam. Gülün valideynləri nə baş verdiyini artıq anlamışdılar, onlar da Gülün arxasınca qaçdılar.

Baş verən hadisəni dərk edərək bir anlıq Gülü itirəcəkləri qorxusu onları vahiməyə saldı.

Həyatın onlara bağışladığı ən dəyərli gülü itirməmək üçün küçələri gəzərək səsləyirdilər. Gül isə bayram arzusu  ilə meydana tərəf qaçırdı. Onun əvəzinə isə bu qızcığaz yerə səpələnmiş gül kimi qana bürünmüş al qırmızı rəngdə insanlar gördü. Bir tərəfdən ana oğlunu axtarır, bir tərəfdən uşaq atasını çağırır, tankın səsi bir yandan gəlirdi. Əlbəttə ki, belə bir hadisə ilə rastlaşmaq çox çətindir, əsasən də 10 yaşlı qız üçün. Özünü itirmədən o, evə doğru qaçmağa başladı, ağlında ancaq valideynləri idi. Evə gəldikdə isə evin boş olduğunu gördü, artıq işıqlar da sönmüşdü. Masanın üstündə onların yeyilməmiş yemək və içəcəkləri hələ də qalmışdı. Gül başa düşdü ki, valideynləri hadisə baş verəndə onun dalınca getmişlər. O, həmin gecəni yatmadı, pəncərənin qırağına söykənərək qaçdığı yolu seyr edirdi, indi bu saat gələcəklər arzusu ilə üz-üzə qaldı. O, gecə onun üçün ən uzun, gözləntili və vahiməli bir gecə oldu.

Səhər çox qəribə açıldı. Gülün ürəyinə bir hiss dammışdı, amma o bilmirdi nə hissidir. Bu səhər digər səhərlərdən fərqli idi və Gül bunu çox gözəl anlayırdı. Gül həmən həyətə çıxdı, çox ağır mənzərə gördü, hətta dünəndən də çox ağır mənzərə ilə qarşılaşdı; qırmızı rəngdə qərənfillər hamısı yerə səpələnmişdi. Dünəndən dəyişən mənzərə o idi ki, dünən tökülən qanları idi, indi isə qərənfillər. Bilirsinizmi nəyə görə deyirəm ki, çox üzücü və ürəkqırıcı bir mənzərədir? Çünki bu həmin qərənfil, vaxtlar var idi ki, insanları sevindirmək üçün, toy bayramlarda verilərdi. Bir gecəyə onun taleyi də dəyişdi və insanların yaddaşında bu gül həmişə qara və kədər mənasını daşıdı. Aylar, illər keçdi, Gülün artıq 40 yaşı vardı. 2020-ci il noyabr ayı idi artıq. Həmin an çöldən qışqırıq səsləri eşidildi, Gül sanki 30 il əvvələ döndü. Gülün həmin səhnə gözünün qabağına gəldi. Onu vahimə bürüdü, valideynləri ilə şam yeməyi yadına düşdü. Həyəcanla həyətə qaçdıqda, həmin həyətdə 30 il sonra insanların üzündə sevinci gördü o, bu səslər bu dəfə atəş səsi deyildi, fişəng səsi idi. Bu, zəfər səsi idi. O boyda axının içində hamı bir-birinə hörmət və ehtiramla yanaşırdı.

Qarabağın alınması münasibətini insanlar qeyd edirdilər, illərdi insanlar bu qədər gözlənti ilə yaşamaqdan yorulmuşdular.

Biz azərbaycanlı kimi, canından keçən Polad, Mübariz, Əliyar, İlqar, Cəbrayıl, Xudayar, Albert, Çingiz, Yusif, Allahverdi, Mehmanlar kimi cəsarətli oğullar vətənə görə canlarını qoyub, ən yüksək zirvəyə ucaldılar ki, indi gələcək nəsil sakit, azad, asudə yaşaya bilsin.

Onları unutmaq, Azərbaycana və özünə hörmət etməmək deməkdir. Xalqının tarixini hamı bir nəfər kimi bilməlidir. Qərənfilə üzülürük hamımız, baş vermiş hadisələrə görə onlar ömürlük bizim yaddaşımızda qan yaddaşımız kimi qalacaqlar. Halbuki, keçmişdə olmuşlar, heç bir zaman dəyişməsə də, 2020-ci ildə daha bir gülün də taleyi dəyişdi, amma bu dəfə xoş günə görə.

Qarabağ işğal olunandan xarıbülbülün gözü Azərbaycan torpaqlarını axtarırdı, çünki ermənilər Qarabağı dağıtdı, orda bir dənə də olsun abidə qoymadılar, çiçək, ürək açan mənzərə saxlamadılar.

Halbuki, yurd, torpaq elədir ki, nə başqası, nə də ki, erməni onun kökünü kəsə bilməz. 30 il sonra kökümüzün dərin qatlarından çıxan şəhidlərimizin ruhu xarıbülbülə hopub, cücərib, çiçəkləndirəcək...

Xarıbülbül gövdəsindən çıxan bir neçə yarpaqlarla tarix yazdı.

Hər bir yarpağı, cəsarətli əsgərlərimizin keçdiyi şərəf yolu aydın şəkildə göstərir.
Xarıbülbül əvvəllər Şuşada və digər bölgələrimizdə yetişən bitki idi, amma indi isə nəinki Qarabağın simvolu, hətta qələbə simvoluna çevrildi. Qərənfil ilə başlayan matəm, xarıbülbüllə zəfər çaldı.

Anaxanım Nəsibli,
İstanbul "Koç" Universitetinin III kurs tələbəsi