Azərbaycanda dollar ucuzlaşır? 

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) Ağ Evdə yeni administrasiyanın işə başlamasından sonra ilk iclasını keçirib. FES uçot dərəcəsinin 0-0,25 faiz səviyyəsində sabit saxlanması barədə qərar qəbul edib. Okeanın o tayında siyasi gərginliyin səngiməsi, yeni administrasiyanın elan etdiyi iqtisadi təşəbbüslər və pandemiyanın lokallaşacağı ilə bağlı nikibinlik fonunda qlobal valyuta bazarında stabilləşmə müşahidə olunmağa başlayıb.
Son günlər ölkəmizdə də dolların ucuzlaşacağına dair bəzi iddialar var.




Mövcud durumu “Sherg.az”a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda dolların ucuzlaşması gözlənilmir:

“Dünya ölkələrinin və ABŞ-ın apardığı maliyyə siyasəti belədir: onlar valyutalarını ucuzlaşdırmaq istəyirlər. Əsas xətt ondan ibarətdir ki, indi  valyuta nə qədər ucuz olacaqsa, həmin ölkələrin ixracat potensialı da artır. Ona görə də FES çoxlu sayda vəsaitlə dünyanı və Amerika iqtisadiyyatını təmin etməyə çalışır. Dünyada və Amerikada dollar bolluğu olacaq.

Avropa Mərkəzi Bankı istəmir ki, avro dollar qarşısında çox bahalaşsın. O zaman avrozona Amerikadan ixracatı artıracaq. Eyni addımları Çin də atır. Çin də öz yuanının möhkəmlənməsinə razı deyil və müxtəlif müdaxilələrlə yuanı ucuzlaşdırmağa çalışır. Bu durum dünyada valyuta və ticarətin bir tərkib hissəsidir”.

İqtisadçının sözlərinə görə, dollar indeksinin azalma ehtimalları var. Lakin bu durum Azərbaycana aid deyil:

“Ölkəmizdə dolların məzənnəsi inzibati qaydada tənzimlənir. Dünyada baş verən proseslər birbaşa Azərbaycana təsir göstərmir. Hazırda neft qiymətinin sabitlik dövrünü yaşayırıq. 55 dollar ölkəmiz üçün kifayət qədər komfortludur”.