Gürcüstan NATO-nun qapısında... – Üzvlüyü reallaşır?- ŞƏRH

“Bu ölkə 2008-ci ildən NATO-nun “qapılarını döyür”. Söz verirlər, amma yaxınlığa buraxmırlar”

“Eləcə də Ukrayna eyni durumdadır. Ukraynaya Aİ və NATO-ya üzvlük üçün vədlər verilsə də, heç biri reallaşmadı”


Gürcüstan və Rusiya arasında sərhədlərin açılması müzakirə olunacaq. Gürcüstanın Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib ki, Rusiya ilə sərhədin açılması epidemioloji vəziyyətdən asılıdır:


 “Problem məhz elə bundadır. Ümid edirəm ki, tezliklə həm bizdə, həm də bütün dünyada koronavirusla bağlı vəziyyət sabitləşəcək və biz sərhədlərin açılması məsələsini müzakirə edə biləcəyik”.   Gürcüstanlı diplomatın sözlərinə görə, o, yaxın zamanlarda rusiyalı senator Qriqori Karasin ilə onlayn görüş keçirməyi planlaşdırır.

İki ölkə arasında münasibətlərin gərgin olduğunu nəzərə alsaq, sərhədlərin tezliklə açılacağına da ümid azdır. Məlumdur ki, Gürcüstan NATO-ya üzv olmaq istəyir. Eyni zamanda Rusiyada müxalif siyasətçi Navalnının həbsi ölkədə gərginliyə səbəb olub. Bundan başqa, ABŞ-dakı hakimiyət dəyişikliklərinin də məsələlərə təsiri danılmazdır.

Belə bir məqamda sərhədlərin açılması mümkündürmü?



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında Gürcüstanın NATO-ya üzvlüyünun hələ ki, real olmadığını deyib:

“Gürcüstan 2008-ci ildən NATO-nun “qapılarını döyür”. Söz verirlər, amma yaxınlığa buraxmırlar. Eləcə də Ukrayna eyni durumdadır. Ukraynaya Aİ və NATO-ya üzvlük üçün vədlər verilsə də, heç biri reallaşmadı”.

Rusiya-Gürcüstan sərhədlərinin açılmasına gəlincə, analitik qeyd edib ki,bu, bir az problemli məsələdir:

“Çünki Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal edib, silahlı qüvvələrini ora yerləşdirib. Rusiya məhz bu siyasətinə görə, sərhədlərin açılması üçün addım atmır və indiki durumda rəsmi Tbilisi ilə diplomatik münasibətləri yoxdur. Ona görə də sərhədlərin nə zaman açılacağı ciddi sual doğurur. Digər tərəfdən Gürcüstan qərbyönümlü siyasətə üstünlük verir. ABŞ-ın yeni prezidenti Co Bayden də Rusiyaya tənqidi yanaşır. Ola bilsin ki, Kremllə müəyyən danışıqlar olsun.

Bu danışıqlar əvvəllər İsveçrədə də aparılıb. Yaxın zamanlarda sərhədlərin açılmasına dair real bir nəticə əldə olunacağını düşünmürəm”.