ABŞ-Türkiyə münasibətləri istiləşəcək ? - AKTUAL

ABŞ-ın yeni dövlət katibi Antoni Blinken deyib ki, Türkiyəni Rusiyaya və digər düşmənlərə yaxınlaşdıracaq addımlar atmaqdansa, Qərbə istiqamətləndirmək önəmlidir. O vurğulayıb ki, Türkiyə çətin tərəfdaşdır.

Amma Prezident Co Bayden NATO müttəfiqi olaraq öhdəliklərini yerinə yetirməyən Türkiyənin davranışlarını gündəmə gətirəcəyinə söz verib: “Terrorla mübarizə, Suriyadakı qarşıdurmaya son qoyulmasında və regional sabitliyin təmin edilməsində ortaq maraqlarımız var. Ortaq prioritetlər üzrə əməkdaşlıq axtaracaq və mübahisəli məsələləri həll etmək üçün Türkiyə ilə dialoqa girəcəyik”. 



Ağ Ev rəsmisinin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Co Bayden təcrübəli siyasətçidir və anlayır ki, Türkiyənin NATO üzvü kimi qalması Vaşinqtonun maraqlarına cavab verir. Ekspertin sözlərinə görə, Bayden Ankaraya qarşı sərt addımlar atmayacaq:

“ABŞ üçün Türkiyə önəmli müttəfiqdir. Yaxın Şərqdə və Şərqi Avropada söz sahibi olan Ankara ilə münasibətlərin pozulması Bayden üçün məqbul sayıla bilməz. Amerika və Türkiyə regionda qarşılıqlı əməkdaşlığın mövcudluğu üçün bir-birinə möhtacdır. Türkiyənin regionda artan rolu Vaşinqtonu Türkiyə ilə daha sıx əməkdaşlığa vadar edir. Türkiyənin regional lider olduğunu Ağ Ev də qəbul edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika Türkiyənin regiondakı gücünü nəzərə almaqda maraqlıdır. Ehtimal edə bilərik ki, Bayden dönəmində ABŞ-Türkiyə münasibətləri istiləşəcək. “S 400”lərlə bağlı məsələnin də böyük qarşıdurmaya gətirməyəcəyi fikrindəyəm.

Müəyyən gərginlik hökm sürəcək, lakin Ankara və Vaşinqtonun anlaşa biləcəkləri ehtimalı daha böyükdür”.