"Vaqif müəllim evdə, işdə, hər yerdə yanımdadır" - SÖHBƏT

Nüşabə Vəkilova: "Nə qədər ki, Azərbaycan poeziyası var, o yaşayacaq"

"Onun suallarınıza hər kəsdən eşitdiyiniz şablon cavabları olmazdı. Bu səbəbdən də belə insanlar ən çətin məqamlarda da axtarılır, yada salınır"


Olumun və ölümün şairi, dahi Vaqif Səmədoğlunun vəfatından 6 il ötür. İllər keçsə də, unudulmayan böyük adamın həyat yoluna bir daha boylanmaq istəyirik.  

Vaqif müəllim Azərbaycan ədəbiyyatına 3 böyük şəxsiyyət bağışlayan Vəkilovlar ailəsində, 1939-cu il iyunun 5-də dünyaya göz açıb. Bülbül adına musiqi məktəbində və Üzeyir Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Bir müddət “Oğuz eli” qəzetində baş redaktor vəzifəsində çalışıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi-hissə müdiri vəzifəsində işləyib. Poeziya, teatr və dramaturgiya sahəsinə böyük töhfələr verib. Onun şeirlərinə musiqilər bəstələnib, dillər əzbəri olan mahnılar ərsəyə gəlib. Məsələn, “Uzaq yaşıl ada”, “Bir axşam taksidən” indi də sevilərək dinlənilir. O, yalnız şeirlərində deyil, həm də dram əsərlərində də öz fərqini, möhtəşəmliyini göstərir. Misal kimi qeyd edək ki, “Bəxt üzüyü”  filmi dramaturqun eyni adlı pyesinin əsasında çəkilib. Vaqif Səmədoğlu fəlsəfəsinin duyulduğu hər söz, hər  kəlmə yaddaşlarda silinməz izlər qoyub. O,  2015-ci ilin 28 yanvarında əbədiyyətə qovuşub. 

"Sherg.az" ömür-gün yoldaşı Nüşabə Vəkilova ilə ustad  şairi yad etdi. 

- Vaqif Səmədoğlusuz 6 il necə keçib?

- Dediniz, Vaqif müəllim olmadan, amma o, həmişə  var. Bu illər ərzində  nə iş görmüşəmsə, onun varlığını hiss etmişəm. Bəlkə, pafoslu səslənər, lakin həqiqət belədir. O, evdə, işdə, hər yerdə yanımdadır. Daim mənə güc verir, yol göstərir.  

- Hər halda bu gün ziyarətinə getdiniz...

- Əlbəttə...

- Ən çox onun hansı sözü, hansı xüsusiyyəti üçün darıxmısınız?

- Hər insan üçün  həyatdan köçən yaxını əzizdir. Biz adi insandan danışmırıq. Hərdən Vaqif müəllimin adını sosial şəbəkələrdə, hansısa bir qəzetdə görəndə onu yad edənləri tanımasam da sevinirəm. Çünki Vaqif  Səmədoğlu var, unudulmayıb. Həm də belə adamlar yaddan çıxmır. O, elə bir iz qoydu ki... Ona görə Vaqif müəllimi bütovlükdə götürək. Çox yaradıcı insan, böyük şair, dramaturq idi. Hər şeydən əvvəl onun hadisələrə, qeyri-adi, fərqli fikirləri, münasibəti vardı. Vaqif müəllimdə suallarınıza hər kəsdən eşitdiyiniz şablon cavablar olmazdı. Bu səbəbdən də belə insanlar ən çətin məqamlarda da axtarılır, yada salınır. Onun bütün xüsusiyyətlərini deyərdim, onu bütov bir varlıq kimi görürəm.

- Vaqif müəllimin bir şeiri var, deyir: Şair kimi yox, şeir kimi ölmək istəyirəm. Sizcə, arzusuna çatdımı?

- Məncə, hə. Çünki indi  gənclər, qiraətçilər Vaqif müəllimə müraciət edirlər. Onun poeziyası da fərqlidir. Ona görə Vaqif Səmədoğlu yaradıcılığı hər zaman xatırlanacaq. Nə qədər ki, Azərbaycan poeziyası var, Vaqif müəllim də yaşayacaq.  

- Səhv eləmirəmsə, bir müddət öncə “Vaqif Səmədoğlu mərkəzi” yaradıldı...

- Bəli. Həm də Azərbaycanda ilk dəfə Vaqif Səmədoğlu adına poeziya teatrı fəaliyyətə başladı. Düzdür, indi üzbəüz görüşə  bilməsək də, uşaqlar şeirlərini səsləndirirlər. İnşallah, bu pandemiya Azərbaycanın da, dünyanın da yaxasından qurtarsa, o zaman işlər görəcəyik.  

- Qələm dostlarından sizi kimlər yada salır?

- İlk növbədə Anar müəllimi deyərdim, imkan olanda əlaqə saxlayır. Cavanlardan da axtaranlar çoxdur, var. Bilirsiz, həm pandemiya, həm də müharibə dövründən keçdik. Hamının başı qarışdı. İndi yadıma düşənlər, Anar müəllimdi, Rüstəm Kamaldı. Vaxtaşırı ünsiyyətdə oluruq. Hər birinə, bütün insanlara minnətdaram. Kimdənsə umub-küsən deyiləm. Vaqif müəllim də belə adam idi. 

Nüşabə xanım tələsdiyi üçün sağollaşmalı oluruq. Mən isə sonda sözü verirəm Vaqif Səmədoğlunun özünə:

Mühit içində
təpədən dırnağa kimi 
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin 
başyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm,
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir gecə də.
Çünki
mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.”