Sona qədər getməliyik

Ermənistandan 4 minə yaxın itkinimiz haqda məlumat tələb etməliyik

"Bu prosesə qoşulan beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin qarşısında əsas şərt kimi qoyulmalıdır"


“Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir”. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir. Xatırladaq ki, bu məqam bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov tərəfindən də gündəmə gətirilmişdi.

E.Səmədov ölkə mətbuatına müsahibəsində bildirmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin qurbanı olmuş bütün vətəndaşlarımız, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələ daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. İşçi qrupun rəhbər müavini vurğulamışdı ki, hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinə görə, dəqiq hesabla 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir. Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir. BQXK-nın Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış sazişə əsasən, son illərdə bu iş daha intensiv aparılır. Saziş çərçivəsində itkinlərə aid 3600-dən çox sorğu anketi toplanılıb və məlumatlar elektron məlumat bazasına daxil edilib”. Məlumat üçün deyək ki, 4 minə yaxın itkin şəxslərimizlə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət olunsa da, Yerevan hökuməti itkinlərlə bağlı informasiya verməkdən imtina edib. 

İtkin düşmüş şəxslərin axtarılması, əsir və girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun üzvü, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov “Şərq”ə deyib ki, rəsmi Bakı hər fürsətdə, bütün beynəlxalq platformada 3890 nəfər itkin məsələsini qaldırmalıdır. Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusən, son hadisələr fonunda itkin düşmüş azərbaycanlılarla bağlı daha intensiv fəaliyyət göstərməliyik:

“Yerevan hökuməti erməni diversantlara görə hər gün Azərbaycanı beynəlxalq qurumlara şikayət edir ki, guya, rəsmi Bakı girovları qaytarmır, onlar barəsində məlumatı “gizlədir”. Biz buna cavab olaraq, həm 44 günlük Vətən müharibəsində itkin düşmüş 60-dan yuxarı vətəndaşımız, həm də 4 minə yaxın itkinimiz haqda məlumat tələb etməliyik. Uzun illərdir Dövlət Komissiyası 4 minə yaxın itkinimizin axtarışı ilə bağlı Ermənistan hökumətinin şərait yaratmasını tələb edir.

Ancaq Yerevan hər dəfə itkinlərlə bağlı tələbi geri çevirir və onlarda məlumat olmadığını əsas gətirir. Artıq torpaqlarımız işğaldan azad olunub. Əgər itkinlərlə bağlı dəqiq informasiyalar olarsa, onların axtarışı Qarabağın müxtəlif bölgələrində də aparıla bilər.

Düzdür, uzun illərdən sonra bu iş çox çətin olacaq. Amma hesab edirəm ki, sona qədər getməliyik və qətiyyən mövqeyimizdən geri durmamalıyıq. 4 minə yaxın itkinlərimizin aqibəti barədə qaneedici məlumatlar əldə edənədək mübarizəmiz, axtarışlarımız davam etməlidir”.

Ə.Həsənov bəyan edib ki, 4 minə yaxın itkin vətəndaşlarımız arasında onların Ermənistanın hansı nöqtəsində olması ilə bağlı dəqiq informasiyalar olub:

“Hökumətimiz onların axtarışını həyata keçirməyə cəhd etsə də, nəticə olmayıb. Çünki Ermənistan tərəfi əlində girovların olduğunu inkar edib və yerlərini gizli saxlayıb. Ona görə daha ciddi araşdırmalar getməlidir. Həmçinin, prosesə qoşulan beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin qarşısında əsas şərt kimi qoymaq lazımdır ki, yaranmış fürsətdən istifadə edərək minlərlə insanın taleyi haqqında hər hansı məlumat alsınlar. Hökumətimizə dəstək olsunlar. Əlimizdə informasiya olsa qarşı tərəfdən itkinlərimizi tələb edə bilərik”.