Haşımovadan ETİRAZ: “Şəhidin sinəsinə yığılan suyu sizin...”

Qaradağda  17 şəhidin su altında qalması ilə bağlı narazılıqlar davam edir. Bu xəbəri duyan hər kəs məlum hadisəni qınayıb, şəhid ailələrinin tələblərinin yerinə yetirilməsini istəyir.
“Sherg.az” xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova da məsələyə sərt münasibət bildirib:




“Bu şəkli görəndə bütün sümüklərim sızıldadı. Aidiyyəti qurumlar, bu suyu şəhidin sinə daşında görəndə heçmi vicdanınız sızıldamadı? Bu qədərmi çətindir şəhid ailələrini ovutmaq? Axı onların tək istəyi balalarının rahat uyumasıdır.

Siz evinizdə yorğan, döşəkdə yatırsız, amma  şəhidlər torpaq altında yatır, ay dünyanın axirətindən bixəbərlər! Şəhidlər arasında fərq qoyulmaz. Onların dərdi özünə bəsdir.

Niyə yaralarını qanadırsınız?! Niyə şəhid ailələrini, qazilərimizi dövlətdən küsdürüb, narazı salırsınız? Şəhidin sinəsinə yığılan o suyu yığıb sizin yatağınıza tökmək lazımdır.

Şəhidin ardınca ah-naləli, göz yaşları selə, döşəyi daşa dönən ailələrin dərdini, bəlkə, o zaman anlayarsınız. Bəsdirin, incitməyin onları!”.