M2-nin işində biabırçılıq: Sürücü yolu tanımadı, sərnişinlər isə... - Ciddi nöqsan 

“Yolu tanımayan, hansısa tədbir və təlim görməyən şəxsi işə buraxmaq düzgün deyil”

“Ola bilsin ki, sürücü avtobusu tanışlarından birinə verib və deyib ki, “2 saat sür, filan yerə dəyib gəlirəm”

“Yəqin ki, hadisə ilə bağlı müvafiq tədbir görüləcək”


Hazırda Bakı şəhərinin ən böyük və ciddi problemlərindən biri də nəqliyyatla bağlıdır. Düzgün qurulmayan və tənzimlənməyən ekspress avtobusların kritik və vacib günlərdə iflic olduğunun dəfələrlə şahidi olmuşuq. Sürücülərin məsuliyyətsiz və anormal davranışları, yolların, avtobusların və dayanacaqların vəziyyətinə dair dəfələrlə təbqidi məqalələr yazılıb.

Heç kəsə sirr deyil ki, nəqliyyat sistemimiz paytaxt mühiti və əhalinin tələbatına adekvat deyil. Bu sahədə bitmək bilməyən problemlər və çox sayda ciddi boşluqlar var. Ekspress avtobusların faəliyyəti ilə bağlı növbəti problem sosial şəbəkələrin müzakirə mövzusu olub. Bu dəfə nəqliyyatdakı sıxlıq, intervallar arasındakı vaxt uzunluğu deyil, məhz sürücünün yolu tanımaması sərnişinləri təngə gətirib. Bəli, sərnişinləri mənzil başında çatdırmağa məsul olan M2 avtobusunun sürücüsü marşrut xəttindən xəbərsizdir.

“Teleqraf.com” saytının əməkdaşı Aysel Azad mövcud durumla əlaqədar Feysbuk hesabında yazıb:

“Elmlərdə M2-yə minmişəm. Sürücü yolu tanımır, sərnişinlərdən yol soruşur. Deyir ki, M3-ün sürücüsüyəm, məni məcbur atdılar bu xəttə. Gəncliyə qədər yol göstərin, qalanı mənlikdir. Gecəyə evə çıxaram, yəqin...”.



Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən hadisə ictimai nəqliyyatın fəaliyyətinə dair işin təşkilində qüsurun olduğunu göstərir:

“Yolu tanımayan, hansısa tədbir və təlim görməyən şəxsi işə buraxmaq düzgün deyil. Ola bilsin ki, sürücü avtobusu tanışlarından birinə verib və deyib ki, “2 saat sür, filan yerə dəyib gəlirəm”. Lakin “BakuBus” kamera nəzarətini ciddi həyata keçirən bir müəssisədir. Düşünürəm ki, belə bir problem ola bilməz. Sadəcə ola bilsin ki, dispetçer işi düzgün bölə bilməyib, nəzarətçi işinə məsuliyyətli yanaşmayıb. Sürücü marşrut xəttini tanımadığı halda onu işə yönləndirirlərsə, bu düzgün deyil. 

Avtobus sürücüsü peşəkar olmalıdır, şəhəri başdan-ayağa tanımalıdır. Amma yolları tanımaq o demək deyil ki, marşrutu da bilməlidir. Çünki yol və marşrut ayrıdır. Ona görə də marşrutu tanıtmaq üçün sürücülərlə ayrıca iş aparılmalıdır. Ümumiyyətlə, avtobus sürücülərinin seçilməsinə diqqətlə yanaşmaq lazımdır. Yəqin ki, hadisə ilə bağlı müvafiq tədbir görüləcək”.

E.Muradlı qeyd edib ki, sözügedən hadisə cəmiyyətdə ikrah hissi doğurur, ictimai nəqliyyata inamsızlıq yaradır:

“İllərdir çalışırıq ki, vətəndaşların ictimai nəqliyyata inamını bərpa edək, onlar avtobuslarla hərəkətə üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrinin sayı azalsın və yollarda tıxac olmasın. Günlərin bir günü isə belə bir biabırçı durum baş verir və illərlə gördüyümüz təbliğat-təşviqat tədbirlərinin üstündən xətt çəkilir”.