Şok iddia: “Abşeron təhlükə altındadır” – Gil qatı sürüşür !

“Xəzərdə suyun  səviyyəsi qalxır, gil qatı islanır və sürüşmələr baş verir”

“Dəniz kənarının yaxınlıqlarında hündür binalar tikmək olmaz. Amma buna əməl etmirlər”
 
“Badamdarın da torpağı binaların ağırlığına dözmür, orada sürüşmə daim olacaq” 


Səbail rayonu ərazisindəki Badamdar şosesində növbəti torpaq sürüşməsi baş verib. Sürüşmə əvvəl qeydə alınan hissədə aktivləşib. Hadisə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov sürüşmənin təbii amillər nəticəsində yarandığını söyləyib:

“Ərazinin quruluşunda iştirak edən çuxurların yuyulmaya həssas olması, mayili yamacın olması və son aylar əraziyə düşən intensiv atmosfer yağıntıları bu hadisəni qaçılmaz edib.

Ərazidə təbii amillərdən başqa insan təsirləri də var. Belə ki yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib”.



Baş verənləri “Sherg.az”a dəyərləndirən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova bildirib ki, hazırda yer kürəsində suyun səviyyəsi olduqca qalxıb:

“Bakının yerləşdiyi Abşeron yarımadası isə 20 metrdən sonra 7 metrlik gil təbəqəsinin üzərindədir. Xəzər dənizində də suyun səviyyəsinin qalxma ehtimalı yüksəkdir.

Başqa okean və dənizlərdə yeraltı su yolları-planktonlar var. Həmin planktonlardan Xəzər dənizində biri tapılıb. Okeanlarda suyun səviyyəsi qalxanda eyni hal Xəzər dənizində də baş verir. Hazırda qış ayları olsa da, havanın isti keçdiyini müşahidə edirik. İstiləşmə zamanı aysberqlər okeanlara tökülür.

Buzlaqlar əridikcə isə okeanların suyun  səviyyəsi qalxır və paralel olaraq Xəzər dənizində eyni durum yaşanır. Yüksəlmə zamanı gil qatı təhlükəli vəziyyət yaradır.

Əslində gil qatı quru vəziyyətdə möhkəm olsa da, sulandıqda sürüşmələr baş verir. Ona görə də bütün Abşeron yarımadası təhlükə altındadır, dəniz kənarının yaxınlıqlarında hündür binalar tikmək olmaz. Amma buna əməl etmirlər. Nəticədə gil qatına suyun təmas etməsi ilə sürüşmələr baş verir”.

Z.Budaqova qeyd edib ki, Badamdar sürüşmə zonası olduğu üçün orada bu halın davamlı yaşanacağı şübhəsizdir: 

“Badamdarda ancaq alçaq evləri tikilə bilər. Həmin ərazidə indiyə qədər dəfələrlə sürüşmə baş verib. Bundan sonra da olacağı istisna deyil. Oranın torpağı binaların ağırlığına dözmür”.