Pilotun ölümündəki müəmma üzə çıxdı: “Sui-qəsd elementi...” – Sadıkovun “əli” var?

Qabil Hüseynli: “Rəşad özü də havada olarkən ağır yaralanıb"

"Texnikaya kənardan yad cisim və qüvvə təsir edib”

“Təyyarənin quşla toqqaşmasına isə inanmıram”

2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni silkələdi. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R.Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu məşum olayın açıqlanan detalları həqiqəti əks etdirmir.


Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Hətta baş verənlərdə sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun da “əli”nin olduğu iddia olunur. 



Mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri , tanınmış politoloq Qabil Hüseynli müəmmalı hadisənin real detalları barədə “Sherg.az”a danışıb:

“Rəhmətlik Rəşadın hərəkətlərində hər hansı bir nöqsan tapılmayıb. O, təyyarəni təyinatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqquşmasına isə inanmıram.

“Bu işdə Nəcməddin Sadıkovun “əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə,sabiq müşavir bunları söyləyib:

“N. Sadıkov haqqında fikirlərim müsbət deyil,lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.