İntiharın “rəngi” dəyişib: “Ölümdən qorxmama duyğusu artıb” - Psixoz ! 

“Hətta bir çoxlarının işi-gücü, pulu da var, lakin yenə də özünə qəsd edir”

 “Bir çoxu ətrafındakı insanları cəzalandırmaq, intiqam almaq üçün edilən intiharlardır”


Ölkəmizdə intihar halları kəskin şəkildə artıb. Son 5 gün ərzində 4 intihar hadisəsi baş verib. Məsələn, yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

İntihar faktı üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Heç kimə sirr deyil ki, insanlar cəmiyyət tərəfindən basqılar, ailədaxili problemlər və dözülməz vəziyyətlərdən qaçmaq üçün intihar yolunu seçir. Lakin hər gün intihar halların baş verməsi ciddi SOS siqnalıdır.

Son zamanlar intiharların çoxalmasını pandemiya dövrü ilə də əlaqələndirirlər. İnsanların pandemiyada yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşır, xüsusilə böyük şəhərlərdə özlərinə qapanırlar.



Psixoloq Ramil Nəcəfli “Sherg.az”a açıqlamasında söyləyib ki, bu günlərdə ar-arda intihar hadisələrinin baş verməsi olduqca ciddi bir məsələdir:

“Yaşadığımız son bir neçə ildə ölüm insanlar üçün adiləşib. Həyatın mənasızlaşdığı qənaətinə gələnlərdə, ölümdən qorxmama duyğusu artıb. İntiharın səbəbləri müxtəlifdir: ailədaxili münaqişələr, sosial-iqtisadi münasibtələr, valideyn-övlad arasındakı uçurum. İntihara əl atanlar iki cür olur: qəfil intihar edənlər və zamanla belə bir duyğusu yarananlar. Qəfil intihar edənlər adətən kiməsə və nəyəsə üsyan edib, ölümü ilə kimlərisə cəzlandırmaq, qisas almaq istəyirlər”.

Psixoloq intiharların şüuraltı baş verdiyi qənaətindədir. O, hesab edir ki, hazırda intiharların səbəbi təkcə sosial- iqtisadi problemlərdən qaynaqlanmır:

“İnsanlar həyata köklənə bilmirlər, çarəsizlik və mənasızlıq duyğuları adamların çoxuna hakim kəsilib. Baxırsan ki, intihar edənlərin əksəriyyəti normal, sakit, həyatda sevilən, qanacaqlı və digər müsbət keyfiyyətləri ilə seçilənlərdir.

Hətta bir çoxlarının işi-gücü, pulu da var, lakin yenə də intihar edir. Normal halda insan kəskin şəkildə melanxolik düşüncədə olanda, ümidsizlik, inamsızlıq hiss edəndə özünə qəsd edir. Çarəsizlik yoxdur əslində.

Bəs intihar edənlər mütləq ölümə əl atmalıydılarmı? Demək ki, bu, təkcə sosial- iqtisadi bir səbəbdən baş vermir. Ağıl, məntiq qəbul etmir. Məntiqi səbəb axtarıb tapa bilməyəndə köməyə psixologiya gəlir.

Duyğu, davranış, düşüncə üçbucağında hardasa bir “probka”, bir tıxanma var. Elə bilirik ki, davranışlarımızın, hərəktlərimizin səbəbkarı şüurludur. Hər şeydə ağıl, məntiq axtarırıq, lakin elə deyil. Hərəkətlərimizin, davranışlarımızın çoxu şüuraltı səbəbdən baş verir”.

R.Nəcəfli qeyd edib ki, ruhi xəstələrdən başqa bütün insanlar özünə rahat olan ölüm növünü seçir:

“Onlardan bəziləri dərman qəbul edərək özünü zəhərləyir, böyük qismi asaraq intihar edir və s. Lakin son vaxtlar baş verən hadisələrin bir çoxu ətrafındakı insanları cəzalandırmaq, intiqam almaq üçün edilən intiharlardır”.