Rusiya Qarabağda təhlükəli oyuna girişib

"Heç bir beynəlxalq təşkilat Azərbaycan hökumətinin razılığı olmadan ölkə ərazisinin hansısa hissəsinə humanitar yardım göstərə bilməz"

Rusiya beynəlxalq strukturları Dağlıq Qarabağda humanitar yardım fəaliyyətinə qoşulmağa çağırıb. Prezident Vladimir Putin Davos Forumunda çıxışı zamanı beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı humanitar proseslərdə iştirakının vacib olduğunu deyib.

Kreml rəhbəri vurğulayıb ki, dünya birliyi və münaqişənin nizamlanmasında iştirak edən ölkələr zərər çəkmiş rayonlara qaçqınların qayıtması, dağılmış infrastrukturun bərpa edilməsi və digər humanitar problemlərin həlli üçün yardım göstərməlidir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə xatırladıb ki, Moskvanın təklifinə əsasən BMT Qarabağa qiymətləndirmə missiyası göndərəcək. Onun sözlərinə görə, təşkilat rəhbərliyi Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadır:

“Rusiya BMT-nin İrəvan və Bakı ilə humanitar məsələlərdə əməkdaşlığını dəstəkləyir. Moskva özü də Qarabağdakı vəziyyətin yaxşılaşdırılmasına töhfəsini verir”. 

Rusiyanın məlum çağırışları ilə bağlı “Şərq”ə danışan Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Moskvanın rəsmi Bakı ilə razılaşmadan Qarabağ ərazisi ilə bağlı tələb irəli sürməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır. Partiya rəhbərinin fikrincə, heç bir beynəlxalq təşkilat Azərbaycan hökumətinin razılığı olmadan ölkə ərazisinin hansısa hissəsinə humanitar yardım göstərə bilməz:

“Əgər Qarabağda təcili surətdə humanitar yardıma ehtiyac varsa, Rusiya dövləti bununla bağlı Azərbaycana rəsmi müraciət etməlidir. Dövlətimizin kifayət qədər imkanı var ki, öz torpaqlarımızda yaşayan şəxslərə sosial yardımlar edək.

Rəsmi Bakını kənarda saxlayaraq, beynəlxalq ictimaiyyətə müraciət ünvanlamaq Dağlıq Qarabağa beynəlxalq “status” verilməsi istiqamətində Rusiyanın atdığı məkirli addımlardan biridir.

Guya, Dağlıq Qarabağ ayrıca beynəlxalq hüququn subyektidir və ora yardım etmək lazımdır. Bu təşəbbüs Azərbaycan dövlətinə qarşı cinayətdir. Xarici İşlər Nazirliyi bununla bağlı təcili nota verməli, ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinin yolverilməz olduğunu bəyan etməlidir.

Rusiyanın məqsədi Azərbaycanı Qarabağdakı proseslərdən tamamilə kənarlaşdırmaq və separatçıların məskunlaşdığı ərazilərə hüquqi status almaqdır. Çox təəssüf ki, bu kimi təhlükəli addımlara adekvat reaksiya verilmir”.