Sovetin "yadigar"ları dövriyyədən çıxarılır

Əmək kitabçasındakı informasiyaları birbaşa elektron bazaya yerləşdirəcəyik

"Elekrton sistem olduqdan sonra kağız kartlara, əmək kitabçalarına nə ehtiyac?! 200.000 manat təkcə sosial kartların çapına vəsait xərclənir. Niyə bu qədər məsrəfə gedilməlidir ki?!"

Sovetin “yadigarı” əmək kitabçaları dövriyyədən çıxarılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli mətbuat konfransında bildirib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanıldı. Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:

“Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçirməyi nəzərdə tuturuq”.



Əmək kitabçalarının dövriyyədən çıxarılması ilə bağlı fikirlərini “Şərq”ə açıqlayan Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd etdi ki, 2006-cı ildən etibarən fərdi yığım sisteminə başlanılıb. Bu sistem Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunur. Hər kəs bu sistemə daxil olub şəxsi yığımları barədə məlumat ala bilər.

Əmək haqqının bir hissəsi kimi ödənilən məcburi sosial sığorta haqqının fərdi uçotu aparılır, vətəndaşın pensiya hüququ da həmin uçotun məlumatları əsasında müəyyənləşir

. Yəni 2006-cı ildən bu yana əmək pensiyaları sığorta stajına görə hesablanacaq. Əmək stajı pensiyanın hesablanmasında artıq əhəmiyyət daşımayacaq. Əmək stajı, məsələn, başqa bir işə keçmək istədikdə, yeni iş təklifinin dəyərləndirilməsində həmin sahədə insanın neçə il işlədiyini, nə qədər təcrübəsinin olduğunu göstərmək üçün lazım ola bilər. Deyək ki, vətəndaşın konkret bir fəaliyyət sahəsində nə qədər iş stajı var, bunu bilmək üçün. 

S.Məmmədov bildirdi ki, 2014-cü ildən etibarən işə götürülənlərin elektron qeydiyyatının aparılmasına başlanılıb: 

- Elektron informasiya sistemi artıq mövcuddur. Əmək kitabçaları, yazışmalar, kargüzarlıq, bunlar artıq lazımsız, əlavə və həddindən artıq məsrəf tələb edən işdir. Rusiyada bu işə çoxdan başlanılıb.

Orda əmək kitabçaları, bu sahədə fəaliyyət göstərən əməkdaşların saxlanmasına milyardlarla vəsait sərf olunduğu hesablanıb. Bu məsrəflər dövlət büdcəsinə ziyan vurur. Bizdə Rusiyadakı qədər vəsait olmasa da, ərazi və əhali sayı nəzərə alınmaqla, hər halda kiçik xərclər də deyil.

Artıq elan edilib ki, sosial kartlar da ləğv ediləcək. Elekrton sistem olduqdan sonra kağız kartlara, əmək kitabçalarına nə ehtiyac?! 200.000 manat təkcə sosial kartların çapına vəsait xərclənir. Niyə bu qədər məsrəfə gedilməlidir ki?! Sosial kartlardakı rəqəmləri elektronlaşdırırlar, bununla da məsələ həllini tapır.

Mənasız işlərə pul xərcləmək düzgün deyil. Dünənə qədər hər yerdə əmək kitabçaları satılırdı. Metrostansiyaların giriş-çıxışlarında, qəzet köşklərində… Halbuki, əmək kitabçası ciddi hesabat sənədidir.

Onun uçotu aparılmalıdır. Yoxsa ki, kim istəyirdi bir əmək kitabçası alırdı, hansısa kiçik müəssisədə işlədiyini yazdırırdı. Hesab edirdi ki, bu, əmək stajıdır və bunun müqabilində ona əmək pensiyası təyin ediləcək.

Artıq yeni sistemə keçilib və vətəndaşların əmək pensiyalarının təyini ilə bağlı konkret müddəalar, qaydalar mövcuddur. Hesab edirəm ki, əmək kitabçalarının, həmçinin sosial kartların da dövriyyədən çıxarılması düzgündür.