Şəhərdə dolaşanlar turistlər deyil

Turizm sektorundan qazancımız bu gün olmasa da, sabah olacaq

Ekspertlər Azərbaycanın pandemiya dövründə sərgilədiyi yanaşmanı doğru hesab edirlər

Koronavirus pandemiyasından ən ağır zərbə alan sahələrdən biri turizm oldu. Pandemiya səbəbindən ölkələr sərhədlərini bağladı, miqrasiya göstəriciləri demək olar, sıfıra düşdü. Ötən il üçün Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 3,3 dəfə azaldığı bildirilir. Bu da əsasən qeyri-turizm məqsədli səfərlər olub.

Qonşu ölkələrə baxanda da turizm sektorunun ziyan çəkdiyi aydın görünür. Qardaş Türkiyə və qonşu Gürcüstanda turizm sektoru böyük gəlir əldə edən və dövlət büdcəsinə mənfəət verən sahələrdir. Ötən il bu da müşahidə edildi ki, Türkiyə və Gürcüstan müəyyən dövrdə turizm sektorunu işə salmağa başladı. Hətta bu, Türkiyədə yerli əhalinin narazılığına da səbəb oldu, bu baxımdan ki, əhali “biz evdə, pəncərədən küçəyə tamaşa edirik, xaricilər isə sərbəst gəzib-dolaşır” deyə etiraz edirdilər.

Məlum məsələdir ki, turizmin xüsusilə yay mövsümündə müəyyən qədər canlandırılması bu sektorun tamamilə çökməsinin qarşısını almaq üçün idi. Lakin fəsadlar da özünü çox gözlətmədi.

Yoluxma sayı yenə artdı. Eyni hal Gürcüstanda da yaşandı. Gürcüstan bir çox ölkələrə yoluxma sayındakı kiçik rəqəmə və pandemiyaya qalib gəlməsinə görə nümunə idi.

Lakin vəziyyət turizmə icazə verilməsi ilə mənfiyə doğru dəyişdi. Gürcüstan turistləri qəbul etməyə başladı, sonra da koronavirusun əsarətinə düşdü. Bu mənada  ekspertlər hesab edir ki, Azərbaycan sərhədləri bağlı saxlamaqla ən doğru yolu seçib.        

“Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, bəlkə də şəhərdə kimlərsə əcnəbilərin gəzintiyə çıxdığını, hansısa tarixi abidələri ziyarət etdiyini görüb və buna təəccüblənib – turizmə icazə verilmirsə, bu gəzişənlər kimlərdir? O zaman açıqlama verim: 

- Bu şəxslər əsasən Azərbaycanda fəaliyyət göstərən səfirliklər, diplomatik korpuslar, xarici investorlar, müəssisələrin əməkdaşları, ölkəmizdə qanun çərçivəsində fəaliyyət göstərən, çalışan əcnəbilərdir: 

- Pandemiya elan olunandan Azərbaycan ölkəyə giriş-çıxışa məhdudiyyət tətbiq edib. Sərhədlər bağlanıb. Fəaliyyət göstərən müəyyən təyyarə reysləri, çarter reyslərdir, onlar da hansısa rəsmi, işgüzar, diplomatik səfərlərin həyata keçirilməsi üçündür. Sırf turist adıyla, turist təyinatı ilə ölkəyə gələn yoxdur. Hesab edirəm ki, bu çox düzgün qərardır. Turizm sektoru pandemiyadan əziyyət çəksə də, sektorda gəlir azalmaları baş versə də, büdcəyə turizmdən daxilomalar azalsa da, bunları sonra bərpa etmək, əvəzləmək olar, amma pandemiya ölkəmizdə sürətlə yayılsaydı, əhalinin 90 faizini əhatə etmiş olsaydı, nə edəcəkdik?

Bunun fəsadları və büdcəyə zərbəsi daha ağır olardı. Turizm məsələsində Azərbaycanın yanaşması doğru oldu. Hətta daxili turizmə də yasaqlar qoyuldu. Bölgələrdə karantin elan edildi və polis postları qaydaları pozanları cərimələdi, postlardan geri qaytardı.

Qadağalar tətbiq edildi, turist səfərlərinə icazə verilmədi. Biz artıq gördük ki, Türkiyə və Gürcüstan turistlərin qəbulundan hansı ziyanı çəkdi. İndi Türkiyədə turizm sektoru kütləvi peyvəndləmə aparılmasını vacib sayır.

Çünki turizm sahəsində məhdudlaşdırıcı tədbirlər tətbiq olunduğu dönəmdə əldə edilən ekonomik göstəricilər çox aşağı olub, turizm sektoru buna görə ağır zərbə alıb. Bu vəziyyətin dəyişməsi üçün hesab edirlər ki, turizm sektorunda kütləvi peyvəndləmə aparılmalıdır.

Xaricilər, ölkəyə gəlmək istəyənlər kütləvi peyvəndləmə aparıldığını bilməlidir ki, ölkəyə rahat şəkildə səfər edə bilsinlər.

Məncə də bundan sonra hər hansı ölkəyə səfər etmək istəyənlər ilk növbədə peyvəndləmə ilə bağlı məlumat toplayacaqlar.

Bu ölkədə peyvəndləmə aparılıbmı, hansı sahələrdə, əhalinin neçə faizini təşkil edib və sair belə bilgilər əldə etməyə çalışacaqlar.

Çünki pandemiya dünyadakı mövcud  qaydaları, ənənələrı dəyişdi. Dünənə qədər hansısa ölkəyə səfər etmək istəyən adam oranın gözməli-görməli yerləri, səfər və otel xərcləri barədə məlumat əldə edirdisə, bundan sonra pandemiya və ona qarşı görülən tədbirlərə diqqət edəcəklər.

Heç kim istəməz ki, getdiyi ölkədə virusa yoluxsun, eləcə də heç bir dövlət arzulamaz ki, hansısa turistin onun ərazisində virus yaymaq ehtimalı olsun.

Ona görə də gəlin, zarafatı qoyaq bir kənara, peyvəndləmə ilə bağlı sosial şəbəkələrdə yayılan əsassız məlumatlara köklənməyək, kütləvi peyvəndlənək.

Bir-birimizə, tanışlarımıza, dostlara da məsləhət verək ki, peyvənd olunsunlar. Kütləvi peyvəndləmə ilə biz normal həyata qayıda biləcəyik, turizm də bundan sonra bərpa olunacaq.