Nəcməddin Sadıkovla bağlı məxfi əmr var

"Onun yerləşdirdiyi “minalar” çox təhlükəlidir"

Azərbaycan Müdafiə Nazirliyi sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində yaranmış ciddi problemlə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qeyd edək ki, yayılan məlumatlarda Nəcməddin Sadıkovun hazırda Moskva şəhərində olduğu və açıq ürək əməliyyatı keçirdiyi bildirilirdi. Müdafiə Nazirliyinin açıqlamasında isə qısaca bildirilir ki, N.Sadıkov hazırda hərbi xidmətdə deyil. 

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri,  Qarabağ döyüşçüsü Rey Kərimoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, Nəcməddin Sadıkovun vəzifəsi ötən ilin oktyabrından bitib: 

- Ötən ilin oktyabrında məxfi əmrlə Nəcməddin Sadıkov vəzifəsindən azad edilib. N.Sadıkov Rusiya vətəndaşı idi. Və bu şəxs Azərbaycan ordusunda “qara yara” idi. Onun barəsində, fəaliyyəti barədə dəfələrlə sosial şəbəkədə yazılıb, ifşa olunub. Nəcməddin Sadıkov vəzifəsindən azad edildi, amma bu gün də ordunun işində onun tör-töküntüləri var.

Onun yerləşdirdiyi “minalar” çox təhlükəlidir, ordumuza ziyan vuran kadrlardır. Onlar da təmizlənməlidir. Məndə olan məlumata görə, N.Sadıkova yaxın zabitlərlə bağlı araşdırma aparılır. N.Sadıkovun bacısı oğlu Ramin Əsgərov da istintaqa cəlb edilib. Onun adı “Tərtər işi”ndə keçir.

Yəni özü gedib, amma ordumuza problem yaradan kadrları qalır. Üstəlik, trol dəstəsi də var, bəziləri efirlərdə görünür. Vurnuxurlar, özlərinə yeni sahib axtarırlar.