Qarabağda kommunikasiyaların açılması vəziyyəti dəyişəcək

Erməni cəmiyyəti də gün görmək, normal həyat yaşamaq istəyir

"Rəsmi Bakı kommunikasiyaların açılması məsələsini elə tərzdə gündəmə gətirir ki, ermənilər Dağlıq Qarabağda silahlı birləşmələrin hər hansı formada saxlanmasına nail olmasınlar"

Yanvarın 30-da Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri arasında üçtərəfli görüş keçiriləcək. Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcək. Məlumata əsasən, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcəklər. Görüş öncəsi Rusiya baş nazirinin müavini Aleksey Overçuk müzakirə masasındakı bəzi detalları ictimaiyyətə açıqlayıb.

O bildirib ki, Dağlıq Qarabağ üzrə üçtərəfli işçi qrup yanvarın 30-da regionda nəqliyyat infrastrukturu layihələrinin bərpası məsələlərini müzakirə edəcək: “Mövzular Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatında müəyyənləşdirilib. Öncə nəqliyyat infrastrukturunun inkişafı və bərpası problemini nəzərdən keçirəcəyik”. Overçuk eyni zamanda baş nazirlərin müavinləri səviyyəsində görüşün hansı aralıqla baş tutacağı və onların həmişə Moskvada keçiriləcəyi ilə bağlı suala cavab verməyə çətinlik çəkib: “Hələlik heç nə demək olmaz, biz ilk dəfə görüşürük. Necə olar, olar”. 

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılıb. Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.

Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməlidir. Məsələ ondadır ki, görüşün müzakirə mövzusu ilə bağlı Ermənistandan ziddiyyətli açıqlamalar verilir.

Baş nazirin müavini Mqer Qriqoryan Moskva görüşündə kommunikasiyaların blokdan çıxarılması məsələsinin müzakirə ediləcəyini vurğulayır. Onun sözlərinə görə, görüşdə üç liderin 11 yanvarda qəbul etdikləri birgə bəyanatının müzakirəsi planlaşdırılır: “Hələ ki, bundan əlavə daha detallı nəsə demək mümkün deyil. Bəyanatın 4-cü bəndinin - Ermənistan və Azərbaycan arasında kommunikasiya və nəqliyyat infrastrukturlarının bərpası müzakirə mərkəzində olacaq”. Qriqoryan bloklanmanın aradan qaldırılmasının çətin iş olduğunu, əlavə müzakirə, təhlil və dəqiqləşdirmə tələb edən bir çox məsələnin mövcudluğunu desə də, problemlərin həllini mümkün sayıb. 

Lakin Ermənistan Xarici işlər naziri Ara Ayvazyan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hazırda hansısa konkret layihənin müzakirə predmeti olmadığını iddia edib. Nazirin fikrincə, Türkiyə ilə Qars-Gümrü dəmir yolunun açılmasıyla bağlı da hansısa danışıqlar aparılmır. 
Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə “Yerevan.today”ə verdiyi müsahibəsində deyib ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Dağlıq Qarabağ nizamlanmasının bütün variantlarını aradan qaldırır. Bu, “son akkord”dur: “İrəvanın Bakını Qarabağın status məsələsini müzakirə etməyə razı salması mümkün deyil. Bunu Ermənistan daha əvvəl etməli idi. Çünki Azərbaycan öz ərazilərini əks-hücum əməliyyatı zamanı hərbi yolla geri qaytardı. Ona görə də Azərbaycanı Qarabağın statusu məsələsini müzakirə etməyə məcbur edəcək bir şeyimiz yoxdur. Yəni Bakı artıq bu məsələnin həll olunduğunu düşünür”. 

Moskva görüşü və üçtərəfli təmas öncəsi erməni tərəfinin ikibaşlı açıqlamaları ilə bağlı “Şərq”ə danışan millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib ki, Azərbaycan hökumətinin və rəsmi qurumların Qarabağdakı proseslər haqqında verdikləri məlumatlar real və səmimidir. Deputatın sözlərinə görə, Ermənistanda vəziyyət tam fərqlidir. Erməni mediasında dərc olunan ölkə rəsmilərinin açıqlamalarını analiz edəndən sonra belə qənaətə gəlmək olur ki, orada bir çox bəyanatlar sırf daxili auditoriyaya hesablanır:

“İlkin məqsəd Ermənistandakı daxili gərginliyi azaltmaqdır. Digər tərəfdən bəzi dövlət adamları özlərinin nüfuzunu qorumaq, gələcək ambisiyalarını reallaşdırmaq, xalqın gözündən tamamilə düşməmək üçün danışıqların məğzindən kənar fikirlər səsləndirirlər. Ola bilsin, Ermənistan Xarici işlər naziri Ara Ayvazyan yaxın dövrdə istefaya gedəcək və özünün partiyasını yaratmaq niyyətinə düşəcək. Çünki Ayvazyanın fikirləri ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatları arasında böyük ziddiyyətlər mövcuddur. İki rəsmi şəxs bir-birinin əksinə çıxışlar edirlər. Baş nazirin müavini kommunikasiyaların əsas müzakirə mövzusu olacağını vurğulayır, XİN rəhbəri bunu təkzib edir. Görünür, Yerevan hökuməti balans yaratmağa cəhd göstərir. Yəni erməni rəsmisinin biri Azərbaycan üçün mesaj verir, digərinin ifadələri isə cəmiyyət üçün nəzərdə tutulur. Amma həqiqət bundan ibarətdir ki, Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir. Ərazi bütövlüyümüzü Rusiya da tanıyır. Rəsmi Bakı kommunikasiyaların açılması məsələsini elə tərzdə gündəmə gətirir ki, ermənilər Dağlıq Qarabağda silahlı birləşmələrin hər hansı formada saxlanmasına nail olmasınlar. Ona görə də hazırda gündəmə gətirdiyimiz ən mühüm məsələ Naxçıvanla Azərbaycan arasında quru sərhədinin bərpa olunmasıdır. Əgər buna nail olsaq, ermənilər bir çox iddialarından geri çəkilməli olacaqlar. Yəni kommunikasiya problemləri həllini tapdıqca, ermənilər daha kompramisli mövqe tutarlar. O baxımdan nəqliyyat və iqtisadiyyat məsələləri müzakirələrin əsasını təşkil edir. Azərbaycan tərəfi çalışır ki, Ermənistanı kommunikasiyalar prosesinə daha geniş miqyasda cəlb edərək, Qarabağdakı silahlı qruplaşmaları tamamilə bölgədən çıxarsınlar”. 

Parlament üzvü vurğulayıb ki, üçtərəfli görüşlərdə ilk növbədə iqtisadi məsələlərin müzakirə mövzusu olması ciddi məntiqə əsaslanır: “Həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində radikal yöndə fikir irəli sürən insanlar var. Əgər iki tərəf də israrla radikal yanaşmanı sürdürsə və siyasi məsələləri önə çıxarsa, danışıqlar ümumiyyətlə baş tutmaz. Halbuki, iqtisadi müzakirələr çərçivəsində Yerevanı siyasi razılaşmaya sövq etmək daha məqsədəuyğundur. Ermənilər də görsünlər ki, kommunikasiyaların bərpası, sərhədlərin açılması onların özləri üçün də faydalıdır. İqtisadi vəziyyətin düzəlməsi Ermənistanda sosial narazılığı azaldacaq. Ölkə təcrid olunmuş vəziyyətdən xilas olacaq. Nəticədə ermənilər siyasi rəhbərləri divara dirəməyəcəklər. Əgər görüşlərdə sadəcə siyasi məqamlar ön plana çıxarsa, o zaman birmənalı deməliyik ki, ermənilər torpaqlarımızı tərk etməlidirlər. Məlum olduğu kimi torpaqlarımızda anti-terror əməliyyatlarını sona qədər aparmaq mümkün olmadı. Bizə imkan vermədilər. İqtisadi yollarla istəyimizə nail olmağa çalışırıq. Ermənistan daxilində iqtisadi məsələlərin müzakirəsində maraqlı qüvvələr var. Onlar da hesab edirlər ki, qarşıdurma əvvəl-axır sona çatmalı, münasibətlər formalaşmalıdır. Gün görmək, normal həyat yaşamaq istəyirlər. Ancaq hakimiyyət uğrunda mübarizə aparan müxalif güclər bunun əleyhinə çıxır və insanlar arasında çaşqınlıq, narazılıq yaratmağa cəhd edirlər. Eyni mənzərə Azərbaycanda da mövcuddur. Bizdə də radikal müxalifət görüşlərdə siyasi mövzularla bağlı anlaşmanın imzalanmasını tələb edirlər. Aydındır ki, onların məqsədi siyasi dividend qazanmaqdır. Guya indiki hökumət erməniləri Qarabağdan qova bilməyib, onlar hakimiyətə gələn kimi həm erməniləri, həm də rusları qovacaqlar. Amma camaat bunun yalan olduğunu çox yaxşı bilir. Əgər mümkün variant olsaydı, mütləq həyata keçirilərdi”. 

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov da “Şərq”ə deyib ki, Ermənistan hakimiyyəti ciddi təzyiqlərlə üzləşir. Ekspertin sözlərinə görə, Robert Koçaryanın və digər müxaliflərin Paşinyanı tənqid etdikləri əsas məqam odur ki, nəqliyyat və kommunikasiya əlaqələri erməni “əsirlər” geri qaytarılmadan bərpa edilə bilməz:

“Erməni müxalifəti hesab edir ki, kommunikasiyaların bərpası ən sonuncu mərhələdir. Onların fikrincə, ilk növbədə Azərbaycan öz “öhdəliklərini” yerinə yetirməlidir. Təbii ki, Ermənistan müxalifətinin hadisələri qeyri-adekvat şəkildə şərh etməsi Nikol Paşinyan hakimiyyətinin manevr imkanlarını zəiflədir. Moskvada üç ölkə rəhbəri arasında imzalanan razılaşmada kommunikasiya sahələrinin bərpası ilə bağlı konkret işçi qrupu yaradılıb. İşçi qrupu martın 1-nə kimi təklif-layihələri hazırlamalıdır. Ola bilsin, hazırlıq nəzərdə tutulan günə çatmasın, bir qədər yubansın. Amma yubanma nəqliyyat infrastrukturunun tamamilə gündəmdən qalxması anlamına gəlmir. Hər halda kommunikasiyaların və nəqliyyatın bərpası bölgənin geosiyasi və geoiqtisadi strategiyasına əsaslanan qlobal layihədir.

Avropa ilə Çin arasında yeni marşrutdur. Ermənistanın istəyindən asılı olmayaraq, bu istiqamətdə müzakirələr və işlər davam edəcək. Əsas məqsəd regionda qalıcı sülhün, sabitlik və təhlükəsizliyin qorunması, separatizmin baş qaldırmasına imkan verməməkdir”.