Qazilərin nəqliyyat problemi həll olunmalıdır

Elələri var ki, öz imkanları hesabına gərəkli yerlərə gedə bilmirlər

Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Lakin bütün bunlara rəğmən qazilərin bəzi problemləri hələ də qalmaqdadır.

Vətən müharibəsi qazilərini düşündürən mühüm məsələlərdən biri də ictimai nəqliyyatdan istifadə ilə bağlıdır. Nəzərə alaq ki, onların əksəriyyəti  müayinə və müalicə üçün rayonlardan Bakıya gəlmək məcburiyyətində qalırlar.

Bu da onların gediş-gəlişində həm maddi, həm də fiziki çətinliklər yaradır.

Tanınmış hüquqşünas, professor Fərhad Mehdiyev "Şərq"ə açıqlamasında bildirib ki, qazilərimizin nəqliyyatla bağlı  problemlərinin diqqətdə saxlanılmasına çox ehtiyac var:

"Tez-tez qazilərimizi ziyarət edirəm. Onlar arasında bir sıra narazılıqlar var, xüsusilə də nəqliyyat strukruru ilə bağlı. Çünki elə qazilərimiz var ki, müalicə almaq üçün tez-tez Sumqayıtdan Bakıya gəlmək məcburiyyətində olurlar.

Yaxud da ki, hərbi hissəyə gedib hər hansısa bir sənədi imzalamalıdır. Bu da onların gediş-gəlişi  üçün xeyli vəsait tələb edir.

Hesab edirəm ki, bunun etibarnamə vasitəsilə həyata keçirilməsi mümkün olmalıdır. Məsələn, bir qazimizi tanıyıram ki, həmin şəxsin ayağında güllə qalıb və çəliklə yeriyir. O mənə bildirdi ki, onu hərbi hissəyə çağırıblar. Həmin şəxs ora öz imkanları hesabına getdi. Düzdür, hay-küy salanlara orada ambulans verirlər.

Amma əlbəttə ki, bu, hay-küylə olmamalıdır. Hesab edirəm ki,  gediş-gəlişləri müqabilində onlara ya hərbi hissənin özündən müvafiq  ödənişlər edilə, ya da ki, xüsusi nəqliyyat vasitələri ayrıla bilər.

Elə kasıb ailələr var ki, onlar yalnız öz maddi imkanları hesabına gedib müalicə alıb, gəlirlər. Ümid edirəm ki, bu problem tezliklə öz həllini tapacaq".