Azərbaycan AŞPA-da diplomatik uğur qazandı

"Qələbəmizi bütün beynəlxalq platformalarda qəbul etdirəcəyik"

“Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına qalib ölkənin nümayəndələri kimi qatılmışdı”. 
Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, AŞPA-ya üzv olduğumuz 20 ilə yaxın müddətdə nümayəndə heyətimiz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində çağırışlar edirdi.

Ancaq indi erməni nümayəndə heyətinin əsassız iddialarına qarşı çıxır və onları dəf edir: “AŞPA-nın Monitorinq prosedurunun 2020-ci il üzrə hesabatında erməni tərəfinin qaldırdığı bütün məsələlərin rədd edilməsi, əksinə, layihəyə erməni vandalizmini əks etdirən bəndlərin salınması böyük uğurdur.

Hesabatın 11-ci bəndində qeyd olunur ki, “Assambleya tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, mədəni irsə hörmət etməyə çağırır. Eləcə də günahkarların mühakimə olunmasını gözləyir”.

Hesabatdan göründüyü kimi AŞPA Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini dəstəkləyir.

Bölgədə sülhün uzunmüddətli olması üçün 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrasını alqışlayır. O baxımdan AŞPA-nın qətnaməsini siyasi meydanda əldə etdiyimiz növbəti diplomatik uğur hesab edirəm. Azərbaycan qalib ölkədir və öz qələbəmizi bütün beynəlxalq platformalarda qəbul etdirəcək və gücləndirəcəyik”.