19 yaşlı şəhidin son sözləri: "Nişan alıb, vura bilməyən oğlan əsgər deyil"


Qarabağın işğalından sonra Azərbaycanda doğulan hər körpə ürəyində yurd dərdi ilə dünyaya göz açdı. Həmin cocuqlar böyüdü, məktəbdə, evdə bir cümlə eşitdilər: “Torpaqlarımızın 20 faizi işğaldadır”. Torpaq həsrətini layla kimi dinlədilər, duydular. Bir an olsun yaddan çıxarıb, Qarabağın işğalı ilə barışmadılar. 

Vətən savaşında əsl qəhrəman kimi vuruşub, heç görmədikləri torpağı yağılardan geri qaytardılar. Onlardan şəhadətə ucalanlar da oldu. Şəhidlər Xiyabanını  ziyarət edəndə hamı görüb yəqin 2000, 2001, 2002 təvəllüdlü oğulları... Baş daşlarından gülümsəyib, üzlərindəki nurla ətrafa işıq saçırlar. 
Şəhid Mətləb Əkbərov da o savaşçı cocuqlardan biridir. 

İgidimizin 19 yaşı var imiş. 2001-ci ildə Siyəzən rayonunda dünyaya göz açıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sonra müddətdən artıq hərbi qulluqçu kimi orduda çalışmağa başlayıb. Elə çox deyil, 3 aydır hərbçi kimi işləyirmiş. Sonra İkinci Qarabağ savaşına yola düşür, mərdliklə vuruşub, şəhadətə ucalır. 

Atası Zülfüqar bəy deyir ki, hərbçi olmaq  Mətləbin öz arzusu idi: “İşdə idim, zəng etdi ki, ərizə yazıb, orduda qalacam. Sentyabrın 27-si müharibə başladı. O da savaşa getdi. Oktyabrın 9-u şəhidlik xəbəri gəldi. Füzuli istiqamətində şəhid olub”.

Kədərli ata oğlunun  döyüş yoldaşlarının onu ziyarətə gəldiyini söyləyir:

“Bir silahdaşının adı Həmiddir. Onunla birgə Şəhidlər Xiyabanına getdik, oğluma baş çəkdik. Mətləb haqqında danışdıq, deyir o, qorxaq uşaq olmayıb. Dostlarına əlindən gələn qədər köməklik göstərib”. 

Atası müharibə zamanı oğlu ilə söhbətlərini kövrək şəkildə yada salır: “Onunla danışarkən qəhərlənirdim. O da həmişə deyirdi, ağsaqqal, qorxma  ürəyini sıxma, biz qələbə çalacağıq.

Bir gün zəng edəndə dedi ki, silahımız tükəndi, amma bəxtimiz  gətirdi,  postu ala bildik: “Ermənilərdən bir binokul götürmüşəm, pulemyotun üstünə bağlamışam.

Gecə baxanda sanki uzaqdakı düz qabağımda durur”. Özü də qayıtdı ki, bununla nişan alıb, vura bilməyən oğlan əsgər deyil. Ötən dəfə məktəb direktoru bizə gəlmişdi.

Onun məktəb illərindən danışdı, söhbət elədi. Deyir, birinci sinfə gedəndə,  hər dəfə məktəbdəki bayrağı öpürmüş. Mətləb uşaqlıqdan vətənpərvər olub.

Bayrağına, millətinə sadiq insan idi”.
Allah rəhmət eləsin...