Hərbi Dəniz Qüvvələrimizin Ankara səfəri: "Tapşırıqlar müzakirə olunub" 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Ankarada səfərdədir. Səfərin məqsədi “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etməkdir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Məlum səfər barədə fikirlərini “Şərq”lə bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, qardaş Türkiyə ilə strateji əməkdaşlığımız bütün sahələr üzrədir:

“Azərbaycan və Türkiyə hərbi qüvvələri arasında ənənəvi əməkdaşlığımız var. Budəfəki görüşün məqsədi iki ölkə dənizçilərinin təcrübəsindən yararlanmaq, qarşıya qoyulan tapşırıqlarla bağlı müəyyən məsləhətləşmələr aparmaqdır. Türkiyə hərbi dəniz qüvvələri çox inkişaf edib və müasir imkanlara sahibdir”.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan dənizçiləri indiyə kimi sovet hərbi dəniz qüvvələrində təcrübə keçiblər:

“Ölkəmiz müstəqil olandan sonra “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq məhz Türkiyənin silahlı qüvvələri ilə bütün sahələrdə əməkdaşlığı genişləndirir. Türkiyə NATO-nun inkişaf etmiş bir ölkəsidir.

Ona görə də Ankara səfəri Azərbaycan üçün çox faydalıdır. Bəlkə də hərbi dəniz qüvvələrimiz müəyyən səbəblərə görə sayca o qədər də böyük deyil.

Lakin Azərbaycan dənizçiləri 2 il ərzində daim Xəzər dənizində keçirilən bütün yarışlarda birincilik qazanıb. Bu da onu göstərir ki, dənizdəki hərbi heyətimiz yetərli qədər peşəkardır. Azərbaycan hərbçiləri harada olur-olsun Türkiyə üçün maraqlıdırlar.

Çünki dənizçilərimiz öz üzərlərində çalışır, yaxşı təkliflər səsləndirir və inkişaf etmiş hərbi dəniz qüvvələrinin mütəxəssislərindən bilik və bacarıq baxımından geri qalmırlar”.