İlham Mirzəyev şou aləmindən DANIŞDI: "Çox qudurmuşduq !"

Bir ildir ki, ölkədə toylar və şənliklərlə bağlı qadağalar var. Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə kütləvi yığıncaqlara icazə verilmir. Ona görə də qazancları, gəlirləri toylardan olan insanlar, xüsusilə də müğənnilər zaman-zaman gileylənir. İstər sosial şəbəkələrdə, istərsə də mediaya açıqlamalarında sıxıntılarının olduğunu söyləyirlər. 

Şou-biznesdəki son durumu "Sherg.az"a dəyərləndirən, tanınmış aparıcı, psixoloq İlham Mirzəyev deyib ki, müğənnilər içərisində bir-iki nəfəri imkanlıdır:

"Onlar da vaxtında ev-eşik alıblar. Amma əksəriyyəti maşınları, evləri, zinət əşyalarını borca, kreditə götürüb. Heç vaxt bilməzdilər ki, Azərbaycanda bir ilə yaxın toy olmayacaq. Yerindən duran borca girib mahnı oxuyurdu, paltarı kirayəyə götürürdü, maşın alırdı. Pul verirdilər klip çəkdirirdilər, mahnı yazdırırdılar.

Koronavirus onlara həm maddi, həm də mənəvi ziyan vurdu. Pandemiya dövrünün əvvəllərində şou əhlinin çoxu sadə insanlara yardım etdi. Düşünmürdülər ki, toylarlara tətbiq olunan qadağa bu qədər uzanar.

Onlara da yazığım gəlir, amma sadə xalqa da ürəyim yanır. Çünki biz insanlar çox qudurmuşduq. Toyu ən bahalı yerlərdə edirdik, restoran müdirlərinin ciblərini doldururduq. Bir toya 4-5 müğənni gətirirdik, hərəsinə 4 min, 5 min qonorar ödəyirdik.

Borcla-xərclə şənlikləri yola verirdik. Həm də toyda hansı müğənni canlı oxuyurdu ki?! Bir-ikisi canlı oxuyurdu, qalanları fonoqram ifa edirdi. Bir yandan əhalini də düşünmək lazımdır. İndi xalq çəkdiyini onlar da çəkirlər".