"Paşinyan Ermənistanı Koçaryan və Sarkisyandan daha ləyaqətli idarə edib" - Politoloq

"Sabiq prezidentin iddiaları Paşinyanın sosial bazasını zəiflətmək, baş nazirin reputasiyasına zərbə vurmaq məqsədi daşıyır"
 Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib ki, hazırkı hakimiyyət ölkəni Rusiyanın hərbi-siyasi müttəfiqindən onun protektoratına çevirib. Koçaryanın sözlərinə görə, bunu əvvəllər İrəvanda Rusiya səfirliyi qarşısında rus hərbi bazasının Ermənistandan çıxarılması tələbi ilə aksiyalar keçirən insanlar ediblər:

“Hərbi və siyasi müttəfiqdən Ermənistan Rusiyanın protektoratına çevrildi. General Muradovun təhlükəsizliyin təmin edilməsində silahlı qüvvələrin ali baş komandanından daha böyük rolu var”. O, Ermənistanın müharibədən sonra zəiflədiyini bildirib: “İndi o qədər zəifik ki, hər hansı bir qonşu ölkə bizi ələ keçirə bilər. Bu, bir həqiqətdir. Ermənistan Sünik (Zəngəzur) bölgəsini yalnız Rusiya hərbi bazasının olması və Ermənistan-Rusiya razılaşması sayəsində itirmədi”. Koçaryan vurğulayıb ki, yenidən Rusiyanın hərbi-siyasi müttəfiqinə çevrilmək üçün hər şeyi etməliyik.

Politoloq Qabil Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, sabiq prezident olduqca demoqoq açıqlamalar verir, suyu bulandırmağa çalışır. Ekspertin sözlərinə görə, sabiq prezidentin iddiaları Paşinyanın sosial bazasını zəiflətmək, baş nazirin reputasiyasına zərbə vurmaq məqsədi daşıyır: 

“Koçaryanın dövründə hansı fərqli statusa malik idi ki, sabiq rəhbər indiki hökuməti Rusiyaya satılmaqda suçlayır?! Ermənilər çar Rusiya dövründən bu günə kimi vassallıq statusundadır. 1990-cı ildən sonra Ermənistan kağız üzərində müstəqil ölkə olub. Bu dövlət hər zaman Kremlin əlaltısı rolunda çıxış edib. Koçaryan və Serj Sarkisyan dövründə də Ermənistan Moskvanın qulbeçəsi olub. Onların dövründə heç bir hərbi-siyasi müttəfiqlikdən söhbət gedə bilməz. Əgər Yerevan hər dövürdə Kremlin təlimatlarını qeyd-şərtsiz yerinə yetiribsə, indi Paşinyanı hansı əsasla ittiham edirlər? Hətta müqayisə etsək, deyə bilərik ki, Paşinyan Ermənistanı Koçaryan və Sarkisyandan daha ləyaqətli idarə edib. Baş nazir Rusiya ilə münasibətləri dozasında saxlamağa çalışıb və əvvəlki rejimlərdən fərqli olaraq Qərb dünyası ilə əməkdaşlığa üstünlük verib”. 

Analitikin sözlərinə görə, artıq erməni ictimaiyyəti də “Qarabağ klanı”nın təmsilçilərinə inanmır və etimad göstərmir: 

“Erməni xalqı Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövründə Yerevanın Moskva filialı kimi fəaliyyət göstərdiyini çox yaxşı bilir. Koçaryanın bu cür danışması onun hakimiyyətə can atdığını göstərir. Ona görə də qarşıdakı dönəmdə Paşinyan hökuməti əleyhinə istənilən böhtanı atacaq, qarayaxma kampaniyası aparacaq”.