Alman  ədaləti budur: Almaniyanın xarici işlər naziri erməniləri ifşa etdi 


“Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur”.
Bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Hayko Maas AŞPA-nın qış sessiyasında erməni deputatın sualını cavablandırarkən deyib. O bildirib ki, “Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Azərbaycan tərəfdən xarici muzdluların iştirakı” əsassız iddiadır və öz təsdiqini tapmayıb. Almaniyalı nazirin cavabı ermənilərin hiddətinə səbəb olub. Hətta Maas bu mövqeyinə görə, erməni lobbisinin “qara siyahısına” düşüb. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, Almaniyanın Xarici İşlər naziri Hayko Maasın “Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur” deyərək erməniləri yerində oturtması alman ədalətinin göstəricisidir.

Partiya rəhbərinin sözlərinə görə, bu, həm də 44 günlük müharibə dönəmində baş alıb gedən erməni-fransız iftiralarına, “feyk-xəbər” propaqandasına ağır, sarsıdıcı zərbədir: 

“Yadınızdadırsa, həmin vaxt "şahmat taxtası" üzərindəki bu "gediş"i ilk olaraq Fransa prezident Emmanuel Makron etmişdi. Onun ortaya atdığı bu avantürist qarayaxma estafetini Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin davam etdirmişdi. Sonralar onlardan dəstək alan Paşinyan və erməni KİV-ləri bu cəfəngiyyatı az qala bütün dünyada dövriyyəyə buraxmağa, yaymağa çalışdılar. İşğalçı Ermənistan və onun havadarları 44 günlük müharibə zamanı dəfələrlə guya "Azərbaycanın xarici muzdlulardan istifadə etdiyinə" dair məlumatlar yaydılar. Lakin bu hiylə və qarayaxam kampaniyası işləmədi. Dünya bu total yalana inanmadı. Çünki onlar bu iddianı təsdiqləyən bir dənə də sübut ortaya qoya bilmədilər. Bu qlobal anti-Azərbaycan qaralama kampaniyası beləcə iflasa uğradı. Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlilin olmaması həqiqətinin Almaniya kimi nüfuzlu bir dövlətin Xarici İşlər naziri səviyyəsində bəyan edilməsi isə bu cür cəfəng erməni iddialarına "Stop!" qoyulması deməkdir. Ermənilər bir çox ölkələri və liderləri öz hiylə toruna salıb aldada bilər. Ancaq almanların erməni kələyinə inanması isə mümkünsüzdür”.