“Minsk qrupu prosesə qoşulsa perspektivdə yeni müharibə gözlənilir" - POLİTOLOQ

"Əgər Xankəndinə səfər Rusiya tərəfindən qorunan Laçın dəhlizindən olacaqsa, bu, ilk növbədə münaqişənin davam etdiyinin mesajını verməkdir"

 “Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gəlib, “status” məsələsini qaldırmaqlarında maraqlıdır”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 



Ekspert bildirib ki, Rusiya 50 mindən artıq ermənini Qarabağda yerləşdirməklə, gələcək perspektivdə referenduma hazırlaşır: 
“Minsk qrupunun fəaliyyətinin bərpası Azərbaycan və Ermənistan arasında gələcək perspektivdə yeni münaqişəyə yol açmaq, sülh və təhlükəsizliyi təhdid etmək deməkdir. Ona görə də birtərəfli şəkildə bu formatdan çıxmaq lazımdır. Həmsədrlərin Xankəndinə gəlişi separtizmə dəstək kimi qiymətləndirilməlidir. Əgər Xankəndinə səfər Rusiya tərəfindən qorunan Laçın dəhlizindən olacaqsa, bu, ilk növbədə münaqişənin davam etdiyinin mesajını verməkdir. ABŞ və Fransa çalışır ki, Türkiyəni prosesdən kənarlaşdırsınlar. Azərbaycana qarşı bundan sonra da siyasi təzyiqlərin olacağı gözlənilir. Bu proseslər birmənalı şəkildə Azərbaycanın suverenliyinə təhdiddir. Laçın dəhlizində nəzarəti ələ keçirənədək bu problemlər davam edəcək. Buna son vermək üçün Türkiyə ilə birgə çalışmaq şərtdir”. 

Analitikə görə, ümumiyyətlə artıq heç bir həll variantı yoxdur: 

“Müharibəyə qədər “Madrid prinsipləri” işğal olunmuş rayonların boşaldılması qarşılığında Qarabağa müəyən status verilməsini nəzərdə tuturdu. Azərbaycan bu məsələni özü həll edib və “status” məsələsini gündəmdən qaldırıb. Ermənistan rəhbərliyi və həmsədrlər isə yenidən "Madrid prinsiplərinə" qayıtmaq üçün çalışır. Ona görə də həmsədrlərin dönüşünə qətiyyən imkan vermək olmaz”.