Türk admiral: “Azərbaycan Xankəndi, Xocalı və digər ərazilərə də nəzarət edəcək” 

“Çünki oralar bizim torpağımızdır və bu gün işğal altındadır”

“Bundan sonra heç bir erməni siyasətçi “Hayastan” eşqinə düşərək Azərbaycan və Türkiyə torpaqlarına göz dikməyə cəsarət etməyəcək”

“Dediyim kimi, Ermənistan uduzdu. Bundan sonrakı potensial müharibədə isə “Böyük Ermənistan” xəyalı yerlə bir olacaq”

“Əlbəttə, ruslar “neytrallaşacaq”. Əslində “Monitorinq Mərkəzinin fəaliyyətində məqsəd də budur”



Deyirlər ki, siyasət mümkün olanı eləmək sənətidir. Biz Vətən müharibəsi dövründə bunu əyani şəkildə gördük. Belə ki, ordumuz hərb meydanında qarış-qarış  irəlilədiyi bir vaxtda diplomatlarımız, siyasətçilərimiz də boş dayanmırdılar. Üç rayonumuzun bircə gülləsiz azad edilməsi məhz diplomatik cəbhədəki “artilleriyamızın” “dəqiq atəşi” nəticəsində mümkün oldu. Lakin hələ həllini tapmayan məsələlər var. Əlbəttə, rus sülhməramlılarının tərəfkeşliyi, düşmənin sərsəm açıqlamaları və digər məqamlar bizi narahat edir. Təkcə nigaranlıq keçirmir, həm də düşünürük. Düşünürük ki, həmin problemləri necə həll edək.

Azərbaycan xalqının vətənpərvərliyi, ordumuzun şücaəti qarşısında hər şeyin mümkün olduğuna şübhə yoxdur. Lazım gələrsə, yumruğumuzun gücünü yenə ortaya qoyarıq. Amma siyasət tələsik, ölçülüb-biçilməmiş addımları da sevmir. Deməli, ataların dediyi kimi, yüz dəfə ölçüb, bir dəfə biçməliyik.

Türkiyənin dəniz qoşunlarının hazırda təqaüddə olan admiralı, Bahçeşehir Universitetinin Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Cihat Yaycı hər birimizi düşündürən məsələlər haqqında “Sherg.az”ın suallarını cavablandırıb:

- Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

-  Sovetlər İttifaqı dağılandan sonra bir çox post-sovet ölkəsi ərazi bütövlüyünün pozulması problemi ilə üzləşdi. Azərbaycan həm Türkiyə, həm İran, həm də Rusiya ilə sərhəddi olan yeganə Cənubi Qafqaz ölkəsidir. Eyni zamanda sahib olduğu təbii sərvətlər də ölkənizi hər zaman həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzində saxlamışdır. Düzdür, Azərbaycan hələ Qarabağ problemini tam həll etməyib. Fəqət, keçmiş sovet ölkələri ilə müqayisədə ən uğurlu siyasət yeridir və ən yaxşı nəticəni əldə edir. Ötən illər ərzində Azərbaycan bütün qüvvəsini məhz bu tarixi gün üçün səfərbər etmiş və Türkiyə ilə tək ürək kimi birləşmişdi. Deməliyik ki, Azərbaycanın ən müasir silahlarla, o cümlədən PUA-larla təmin olunmasında da qardaş ölkənin xüsusi rolu olub. 27 sentyabrda başlayan əks-hücum əməliyyatlarında bütün vətəndaşlar savaşa hazır idi- gənclər, orta yaşlılar, qadınlar. Qeydiyyatdan könüllü keçənlərin sayı minlərlə idi. Bu, türklərdəki “ordu və xalq” prinsipinin bariz təzahürü idi. Beləliklə, zəfərə gedən yolda hər şey hazır idi. Ən başlıcası isə cəsarət və ədalət var idi. Dediyim kimi, məsələ yüzfaizli həllini tapmayıb. Lakin cənab İlham Əliyevin təbirincə desək, status yoxdur. O, cəhənnəmə getdi! Fikrimcə, otuz il ərzində Azərbaycanın qət etdiyi yol özü böyük bir qələbədir. Ancaq hələ son deyil. Qazandığımız zəfərlə milli ruh, türkçülük zirvəyə çatdı. Azərbaycan türklərinin qurduğu dövlətin necə möhkəm təməl üzərində formalaşdığını hər kəs gördü. Həmçinin türkün cəsarət və qətiyyəti qarşısında heç bir qüvvənin tab gətirə bilməyəcəyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan türk ordusu düşmənə göz dağı, dostun inam yeridir! Bu, belə bilinməlidir!

- Qarabağdakı rus sülhməramlıları öz vəzifələrini yerinə yetirmirlər. Ayrı-ayrı- faktlar onların erməniləri dəstəklədiklərini göstərir. Belə bir vəziyyətdə biz nə etməliyik?

-Ümumiyyətlə, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda bizi narahat edən bir çox məsələlər var. Bunlardan ən başlıcası isə rus sülhməramlıları ilə bağlı idi. Göründüyü kimi, nigaranlığımız əbəs deyilmiş. Rus sülhməramlılarının ermənilərin təhlükəsizliyini təmin etdiyi deyilir. Halbuki Azərbaycan Prezidenti orada yaşayan ermənilərə bərabər hüquqların veriləcəyini söyləmişdi. Yəni əslində rusları təlaşlandıracaq səbəb olmamalı idi. Çünki Azərbaycan müstəqil dövlətdir və öz ərazisində beynəlxalq hüququn normalarına uyğun qərar vermək imkanına, gücünə sahibdir.  Cənubi Qafqazın, xüsusilə Xəzərə çıxışa malik və üç güclü qonşusu olan, əlverişli strateji mövqeyə sahib Azərbaycanın Rusiya üçün çox maraqlı olduğunu bilməliyik. Kremlin istədiyi burada özünə “təhlükəsiz zona” yaratmaqdır. Moskva bütün imkanları ilə çalışır ki, NATO qüvvələri onun sərhədlərindən uzaq olsun. Rusiyanın Ermənistanda hərbi bazasının olduğu məlumdur. Həmin baza İranla yox, məhz Türkiyə ilə sərhəddir. Rus sülhməramlılarının regionda yerləşdirilməsinin məqsədi isə Türkiyənin güclənməsina mane olmaq və iki qardaş ölkənin coğrafi yaxınlaşmasına əngəl törətməkdir. Həmçinin rəsmi Moskva məhz sülhməramlılar vasitəsilə Ermənistanda Qərbə meyl edən qüvvələrə də lazımi mesaj verir. Yəni əgər Ermənistanda kimsə Rusiya ilə münasibətləri “dondurmağa” və ya “forpostluqdan” yayınmağa cəhd göstərsə, heç bir qüvvə Ermənistanı xilas edə bilməz. Azərbaycanlı qardaşlarımız otuz il dözdülər, həsrət çəkdilər. Düzdür, bugünkü vəziyyət dünənkindən yaxşıdır. Amma sabahın daha yaxşı olması üçün bir az səbr etməliyik. Əlbəttə, növbəti otuz ilə ehtiyac olmaz. Yəqin, ən qısa zamanda sülhməramlılar məsələsi də öz həllini tapar.

-Bilirsiniz ki, artıq türk-rus birgə monitorinq mərkəzi fəalliyətə başlayıb. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Bu, hər şeydən əvvəl azərbaycanlı qardaşlarımıza motivasiya və ruh yüksəkliyi verəcək. Daim qardaşlarımızın yanlarında olduğumuz bir daha göstəriləcək. İkinci bir tərəfdən isə, əlbəttə, ruslar “neytrallaşacaq”. Əslində məqsəd də budur. Bəzi ekspertlərin fikrincə, Türkiyənin regionda olması həm də İrana mesajdır. Hər halda regional stabililliyin təmin olunması Türkiyəsiz mümkünsüzdür. Onsuz da Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.

-Xankəndi, Xocalı və Əsgəranın taleyi ilə bağlı nə düşünürsünüz?

-Əslində bayaq Azərbaycanın hələ tam qələbə qazanmadığını deyəndə bunu nəzərdə tuturdum. Hərçənd xarici siyasət  məhz belə məqamlardan ötrüdür. Gərək bütün variantları qiymətləndirib, ən düzünü seçəsən. Təkrarlayıram, bugünkü vəziyyət dünənkindən çox yaxşıdır. Azərbaycan Laçın dəhlizindən hərəkətə icazə verərək erməni əhalinin gediş-gəlişinə şərait yaratdı. Şübhəsiz ki, deməli, belə məsləhət olub. Lakin bir neçə gün əvvəl Ermənistan rəsmilərinin Qarabağa gəlməsinə lazımi reaksiyanın verilməsi çox düzgün idi. Çünki Laçın dəhlizindən hərəkətə icazə verilməsinə rəğmən, bəzi adamların, xüsusilə də məmurların regiona gəlməsi üçün sizin icazəniz şərtdir. Axı onlar Qarabağda yaşayan ermənilər deyillər. Azərbaycan vətəndaşları isə sərbəst şəkildə gedib-gəlməlidirlər. Adlarını çəkdiyiniz Xankəndi, Xocalı və Əsgəran da Azərbaycanın ayrılmaz hissələridir. Əgər beynəlxalq hüquqla əksi göstərilmirsə, deməli, istəyən azərbaycanlılar oralara da gedə bilərlər. Hətta Azərbaycandan qanuni icazə almış istənilən xarici ölkə vətəndaşı da Qarabağa, o cümlədən həmin rayonlara səfər etmək iqtidarındadır.

-Bəs Zəngəzur?

-Bu məsələdə həssas məqamlar çoxdur. Hər şeyin yaxşı olacağına ümid edirəm. Hər halda Zəngəzur dəhlizinin açılması bütün hallarda çox yaxşıdır. Onu da deyim ki, Zəngəzur dəhlizinə çox ciddi nəzarət lazımdır. Çünki Qarabağda hən an təxribata əl atmağa hazır və dəfələrlə terror törətmiş, o cümlədən 20 Yanvar qətliamını bizə yaşadan terrorçular var.

-Elə isə həmin erməni silahlılarını necə zərərsizləşdirməliyik? Əks halda Qarabağa rahatlıqla getmək mümkün olmayacaq...

-Düz deyirsiniz. Silahlar mərhələli şəkildə yığılmalıdır. Əgər rus sülhməramlıları özlərini bölgədəki “sülh memarları” kimi göstərirlərsə, həmin silahları da yığmalıdırlar. Sonradan həmin silahların və onların sahiblərinin siyahısı tutulmalıdır. Ardınca isə silahlar ya Azərbaycana, ya da Ermənistana göndərilməlidir. Hər halda Qarabağda bircə nəfər belə olsun, əli silahlı erməni qalmamalıdır. Məntiqli sual yaranır: əgər bölgədə onları müdafiə edən rus sülhməramlıları varsa, yerli insanların silahlanmasına ehtiyac qalırmı? Əlbəttə, yox. Azərbaycanın digər bölgələrində qanunsuz silah daşıyanlar hansı məsuliyyətə cəlb edilirsə, Qarabağdakılar da eyni formada cəzalanmalıdırlar. Onlar təkcə Azərbaycanın yox, həm də Gürcüstanın, Türkiyənin və İranın təhlükəsizliyini təhdid edirlər. Onu da deyim ki, ayrı-ayrı yerlərdən Qarabağa gələn və ermənilər tərəfdən vuruşan terrorçular da Azərbaycan məhkəmələri qarşısında cavab verməlidirlər. Biz Bahçeşehir Universiteti Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi olaraq bu istiqamətdə xeyli iş görmüş və beynəlxalq hüquq pozuntularını dünyaya çatdırmağa çalışmışıq.

-Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada keçirilən görüşdə məsələnin hələ bitmədiyini dilə gətirib. Sizcə, yeni müharibə başlaya bilər?

- Ermənistan hərbi-siyasi hakimiyyəti məğlub olduğuna görə kapitulyasiya sənədini imzalamağa məcbur qaldı. Həmin vaxt Paşinyan kameralar qarşısına çıxmamışdı. Əlbəttə, başa düşüləndir. Savaş meydanında uduzanın masada olmasının əhəmiyyəti yoxdur. Bundan cəmi bir neçə həftə sonra Paşinyanın Moskvadakı açıqlaması yersizdir. Əslində onun həmin ifadəsi Qarabağdakı əsirlər və xəyali statusla bağlı idi. Amma əslində Ermənistan baş naziri düz deyir. Məsələ hələ bitməyib.  Azərbaycan ən yaxın zamanda Xankəndi, Xocalı və digər ərazilərə də nəzarət edəcək. Çünki oralar bizim torpağımızdır və bu gün işğal altındadır. Bundan sonra heç bir erməni siyasətçi “Hayastan” eşqinə düşərək Azərbaycan və Türkiyə torpaqlarına göz dikməyə cəsarət etməyəcək. Dediyim kimi, Ermənistan uduzdu. Bundan sonrakı potensial müharibədə isə “Böyük Ermənistan” xəyalı yerlə bir olacaq.

- İran Xarici İşlər Naziri Cavad Zərifin regiona arda-arda səfərləri nəyə hesablanıb?

- Ümumiyyətlə, İranın bölgəyə dair maraqları bir çox tarixi faktlara söykənir. Hər şeydən əvvəl İranın Azərbaycana münasibəti bərabərtərəfli dialoq prinsipinə söykənmir. Belə ki, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə İran yox, Azərbaycan iki yerə bölünüb. Beləliklə, Azərbaycanın cənub hissəsi indiki İran İslam Respublikasına verilib. Buna rəğmən, Azərbaycan İrana bərabərhüquqlu regional iştirakçı kimi yanaşır. Baxmayaraq ki, Birinci Qarabağ müharibəsində cənub qonşunuzun məhz belə nanəcib reaksiyalarına görə Şuşanı itirmişdiz. Şükürlər olsun, Şuşa, nəhayət, həqiqi sahiblərindədir. İndi cahillər və xainlər Azərbaycanda şiələrin üstünlük təşkil etdiklərini deyirlər. Amma bunun heç bir fərqi yoxdur. Türk türkdür! Göründüyü kimi, həm enerji layihələri, həm də təhlükəsizlik baxımından İran rəsmilərinin mövqeyi Ermənistandan yana olmuşdur. İran Türkiyəni özünə regional rəqib kimi görür.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, hətta türk silahlı qüvvələrinin hansısa tədbirlə bağlı ölkənizə səfəri İranda ciddi narazılıqlar yaradır. Narahatlığın əsas səbəbi isə İran azərbaycanlılarında milli şüurun oyanışıdır. Çünki orada yaşayan insanların haqlarına, azadlıqlarına laqeyd yanaşılır. Növbəti məqam isə İranın bütün sanksiyalara rəğmən Ermənistanla ticarət əlaqələridir. Sansksiyalar altında əzilən İran hər nə qədər Türkiyə və digər dövlətlərdən dəstək alsa da, Ermənistan  onun iqtisadiyyatı üçün hələ həyati əhəmiyyətlidir.

Türkiyənin Qarabağ savaşındakı ən mühüm xidmətlərindən biri İranı məsələlərdən mümkün qədər uzaq saxlamaq oldu. Həqiqətən də, Birinci Qarabağ müharibəsindən fərqli olaraq rəsmi Tehran indi həm hərbi meydanda, həm də diplomatik masada “ofsaytda” qaldı. Türkiyənin regional maraqları baxımından bu, çox vacib idi. İndi bölgədə bir həqiqət var: Türkiyənin dəstəyini alan qələbə qazanacaq!

-Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın anonsunu verdikləri altılıq platformasına dair fikirləriniz nədir?

-Haqqında danışılan altılıq platformasının hansı ölkələri əhatə etdiyi məlumdur. Belə bir iş birliyi üçün regional məsələlərə qarşı münasibət çox mühümdür. Bəs bu münasibət necə olacaq? Hər bir ölkənin özünün geosiyasi maraqlarının olduğunu görürük. Əlbəttə, müəyyən ortaq maraqlar istiqamətində birlikdə addımlar atılacaq. Xarici siyasətdə isə ziddiyətli məqamlar var.  Lakin bütün hallarda layihənin faydalı olacağını düşünürəm.
Regional iş birliyi və stabillik Türkiyənin xarici siyasətinin təməl xəttidir. Belə layihələrin regional təhlükəsizliyi qoruyacağına şübhə yoxdur. Vaxtı ilə imzalanan Bağdad və Səadəbat paktları da buna misaldır.