Ekspert deputatla razılaşmır: “Sosial şəbəkələrə qadağa yanlışdır”

“Bu platformaya əlavə məhdudiyyətlərin qüvvəyə minməsi parlamentin öz əaliyyətindən yayınması deməkdir”

“Çünki danışan dili susdurmaq naminə sosial şəbəkələrə qadağalar tətbiq etmək doğru deyil”


Milli Məclisin deputatı Sahib Alıyev maraqlı təkliflə çıxış edib. Onun fikrincə, “İnformasiya təhlükəsizliyi haqqında” yeni bir Qanun qəbul edilməlidir. Çünki sosial şəbəkələr media kimi təqdim edilsələr də, əslində platforma funksiyasını yerinə yetirirlər. “Həmin platformalarda hətta ABŞ-ın keçmiş Prezidenti Trampa qoyulan qadağalar, Vətən savaşı zamanı Hikmət Hacıyevin, Ceyhun Bayramovun, mənim və bir çox həmkarlarımın əsassız və məqsədyönlü şəkildə “Tvitter” hesablarının bağlanması, statusların paylaşılmasında bəlli çevrələrin maraqlarına uyğun selektivçilik və digər faktlar sosial şəbəkələrlə bağlı yeni qanun layihəsinin hazıranmasını zəruri edir.

Bu məsələni əvvələr də qaldırmışam və yenə təkrarlayıram ki, biz kibertəhlükələrin getdikcə artdığı və əsas təhlükəyə çevrildiyi bir dönəmdə yaşadığımızdan beynəlxalq reallıqları nəzərə alaraq, “İnformasiya təhlükəsizliyi haqqında” yeni bir qanun hazırlamalıyıq...".



Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə “Sherg.az”a açıqlamasında bunu doğru hesab etmədiyini deyib: 

“Bizdə “İnformasiya,  informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında” Qanun var. 2017-ci ildə həmin Qanuna 12 məhdudlaşdırıcı müddəa əlavə olunub.

Halbuki onların çoxu İnsan hüquqları və azadlıqlarına dair Avropa Konvensiyasının 10-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun deyil.

Həmin maddədə göstərilir ki, məlumat azadlığı dövlət təminatı altındadır. Eyni zamanda onsuz da məhdudiyyətlər var. Əlavə məhdudiyyətlərin qüvvəyə minməsi parlamentin öz fəaliyyətindən yayınması deməkdir.

Çünki danışan dili susdurmaq naminə sosial şəbəkələrə qadağalar tətbiq etmək yanlış yanaşmadır”.