Səfirimiz ölümlə hədələnir ! – “Erməni terrorizmi yenidən canlanır”

“Azərbaycan dünyada mövcud olan antiterror koalisiyasının üzvü kimi bu təhlükəni dünyanın gözü önünə sərməlidir`

“Eyni zamanda terrorla mücadilə üçün beynəlxalq mübarizə təşkil olunmalıdır”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ-dakı səfirimizin erməni qüvvələri tərəfindən təhdid edildiyini deyib. O, bildirib ki, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik:

“Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim.

Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Vurğulamaq istərdim ki, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əminamanlığın bərqərar olması, xalqların birgə yaşayışınında maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünmürlər”.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, erməni radikal qüvvələri tərəfindən azərbaycanlı səfirlərin təhdid edilməsi yeni bir hadisə deyil:

“Erməni terror təşkilatları bir sıra türk diplomatlarını qətlə yetiriblər. Bu hadisə onu göstərir ki, erməni terrorizmi yenidən canlanır və ciddi təhlükə kəsb edir. Azərbaycan dünyada mövcud olan antiterror koalisiyasının üzvü kimi bu təhlükəni dünyanın gözü önünə sərməlidir. Eyni zamanda terrorla mücadilə üçün beynəlxalq mübarizə təşkil olunmalıdır”.

A.Mollazadə qeyd edib ki, Azərbaycan dövləti səfirin konkret olaraq kimlər tərəfindən təhdid edildiyini tələb etməlidir:

“Beynəlxalq sazişlərə uyğun olaraq Amerika dövləti diplomatlarımızın həyatı üçün mövcud olan təhlükələrin qarşısını almalıdır. Onları təhdid edənlər zərərsizləşdirilməlidir. Amerika dövlətinin təhdidlərlə bağlı konkret məlumat verməyini gözləyirik”.