Putinin rəqibi yanındadır ! – Bəslədiyi “ilan” özünü “vurur” – KİMDİR? 

“Putin narazılarla dil tapmağa çalışmalıdır, əks təqdirdə, onun öz komandası daxilində parçalanma ola bilər”

“Düşünürəm ki, Putinin əsas rəqibi elə indi hakimiyyətdə təmsil olunanlar arasındadır”

“Navalnı ciddi siyasi sima deyil, sadəcə, narazılıqları simvolizə edə bilir”

 

Rusiyadakı etiraz aksiyaları səngimək bilmir. Dünən paytaxt Moskvada və digər böyük şəhərlərdə mitinqlər keçirilib. Aksiya iştirakçılarının polis tərəfindən saxlanması və həbsi davam edir. Etiraz aksiyalarının polis tərəfindən dağıdılması zamanı həbs olunmuş iştirakçıların sayına görə yanvarın 31-də rekord vurulub - 4567 nəfər saxlanılıb.



“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlunun “Sherg.az”a açıqlamasına görə, Rusiyada sosial narazılığın genişlənməsinə rəğmən, Putin hakimiyyəti hələ də güclüdür:

“Putin iqtidarı narazılıqları önləmək üçün rəqiblərinə qarşı təzyiqlərə əl atır. Bu təzyiqlər Putunin hakimiyyətini zəiflədir. Dərinləşən böhran Kremldən təcili islahatlar tələb edir. Lakin bu proses illərlə uzana da bilər.

Rusiya hakimiyyəti MDB məkanında, Yaxın Şərqdə uğurlar qazanmağa çalışır və düşünür ki, bununla sosial narazılıqlardan diqqəti yayındıra biləcək.

Digər tərəfdən, Co Bayden artıq ABŞ prezidenti kimi fəaliyyətə başlayıb və onun üçün prioritet Putin iqtidarını zəiflətməkdir. Artıq Putinin ətrafına qarşı sanksiyalar tətbiq edilib və bu, artan xətt üzrə inkişaf edəcək”.

Politoloq vurğulayıb ki, Putin narazılıqları zor gücünə yatırmaq əvəzinə, narazılarla dil tapmağa çalışmalıdır:

“Əks təqdirdə, onun öz komandası daxilində parçalanma ola bilər. Düşünürəm ki, Putinin əsas rəqibi elə indi hakimiyyətdə təmsil olunanlar arasındadır. Navalnı ciddi siyasi sima deyil, sadəcə, narazılıqları simvolizə edə bilir”.