“Bu hərbçilərin maaşı ikiqat, üçqat artırılmalıdır”

“Onlar həyatlarını təhlükəyə atırlar, ailələrindən uzaq qalırlar”

“Hərbçilərin maaşları xidmət etdikləri bölgənin relyefinə, o cümlədən hündürlüyə görə müəyyənləşməlidir”

Milli Məclisin bu gün keçirilən növbəti iclasında millət vəkili Siyavuş Novruzov hərbçilərin maaşının azaldılmasına etiraz edib. O, əsgərlərimizin 44 günlük müharibədə rəşadət göstərdiyini bildirib. 

Hərbçilərimizin evlə təmin olunmasının vacibliyini vurğulayan S.Novruzov əlavə edib ki, hərb sahəsində çalışanlar yüksək əməkhaqqı almalıdırlar. 
Digər parlamentari Elman Nəsirov da bu məsələyə həssas münasibət bildirib: “Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması, yaxud qiymət artımı ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər ordumuzun böyük qələbəsi üzərinə kölgə salır”.

Deputat vurğulayıb ki, əsgər və zabitlərin maaşları məsələsinə çox diqqətlə yanaşılmalıdır:

“Yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama verilməyib. Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bu gün bizim əsgər və zabitlərimizin maaşlarının artırılmasına ehtiyac var. Buna bizim imkanlarımız da çatır. Nəzərə alaq ki, tirajlanan xəbərlər düşmən tərəfindən də izlənilir”.

Cəmiyyətdə ciddi ajiotaj yaradan məsələyə dair “Sherg.az”a fikirlərini bildirən ehtiyatda olan zabit, hərbi jurnalist İlham Tumasın da fikirləri birmənalıdır: 

“Əlbəttə, cəbhə bölgəsində xidmət edənlərin maaşları ikiqat, üçqat artırılmalıdır. Çünki onlar həyatlarını təhlükəyə atırlar, ailələrindən uzaq qalırlar. Ümumiyyətlə, hərbçilərin maaşları xidmət etdikləri bölgənin relyefinə, o cümlədən hündürlüyə görə müəyyənləşməlidir. Məsələn, mən 1996-2000-ci illərdə Murovda xidmət edəndə digərlərinə nisbətən çox əməkhaqqı alırdım”.