Rusiyanın Qarabağda “əl-qolu bağlanır”: “Sovetdənqalma problemlər çözülür”

“Rəsmi Moskva bundan sonra addım atmazdan əvvəl iki dəfə düşünəcək”

“İndi rəsmi Bakıda özünəinam yaranacaq. Biz yalnız 100 il əvvəl- hələ Nuru Paşa dövründə sizə lazımi dəstək ola bilmişdik”

“Rusiyanın Qarabağda olduğu beş il müddətində Azərbaycan da öz hazırlıq işlərini tamamlayacaq”

Xəbər verdiyimiz kimi, Qarabağdakı türk-rus birgə Monitorinq Mərkəzi artıq fəaliyyətə başlayıb. Birgə Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Əlbəttə, bu, bizim nigaranlıqlarımıza son qoyur. Bundan sonra rahat nəfəs ala bilərik.

Ehtiyatda olan türk general Osman Qazi Kandemir birgə Monitorinq Mərkəzinə dair “Sherg.az”a danışıb. O, bu əlamətdar hadisənin əhəmiyyətini bir neçə cəhətdən qiymətləndirib: 

“Bildiyiniz kimi, 10 noyabr bəyanatının şərtlərinə görə, rus sülhməramlıları 5 illik müddətində Qarabağda olmalıdırlar. Amma həmin sənəddə türk hərbçiləri barədə heç bir müddəa yox idi. Sonradan Türkiyə, Azərbaycan və Rusiyanın müzakirələri nəticəsində bizim hərbçilərin də atəşkəsə nəzarət etməsi barədə qərar qəbul edildi.

Beləliklə, ilk növbədə sovet dövründən qalmış problemlər həllini tapacaq. İkinci bir tərəfdən isə  bildiyiniz kimi, Türkiyə ilk gündən etibarən Azərbaycana dəstək olacağını, lazım gələrsə, müharibənin fəal iştirakçısına çevrildiyini demişdi.

Ona görə Monitorinq Mərkəzində yer alacağımız gözlənilmirdi. Lakin biz qətiyyət göstərdik”.

O. Q. Kandemirin fikrincə, Rusiya bundan sonra addım atmazdan əvvəl iki dəfə düşünəcək:

“Nəticədə Rusiyanın potensial təxribatlarının, dekonstruktiv siyasətinin qarşısı alındı. İkincisi, Türkiyə Cənubi Qafqaza gəldi. Həm də bu, Azərbaycana mənəvi dəstəkdir. İndi rəsmi Bakıda özünəinam yaranacaq.

Biz yalnız 100 il əvvəl- hələ Nuru Paşa dövründə sizə lazımi dəstək ola bilmişdik. 1992-1993-cü illərdə isə istədiyimiz qədər kömək göstərməyi bacarmadıq. Fəqət, artıq birlikdəyik. Odur ki, mən Monitorinq Mərkəzinin yarandığı günü tarixi gün hesab edirəm.

Mövcud problemlər addım-addım həllini tapacaq. Rusiyanın Qarabağda olduğu beş il müddətində Azərbaycan da öz hazırlıq işlərini tamamlayacaq”.